Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə sualları cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Aydın müəllim, cənab Prezident və ailə üzvlərinin Zəngilan, Cəbrayıla səfərləri bölgəyə yeni, müasir yanaşmaların, innovativ layihələrin tətbiqi ilə yadda qaldı. Bu cür yeniliklər Qarabağın yeni mənzərəsinin formalaşmasına necə təsir edəcək?
- Azərbaycan bu gün azad olunan ərazilərdə ən mütərəqqi metodları tətbiq edir. Dünya da bunun fərqindədir. Qısa zamanda yol infrastrukturunun çəkilməsi, yeni aeroportların tikilməsi, ASAN xidmət metodu, sosial evlərin tikintisi və.s. yeniliklər buna nümunədir. İşğaldan azad olunan ərazilərdə tətbiq edilən “Ağıllı kənd” modeli ilk növbədə sadəcə olaraq insanların köçürülməsi deyil, daha rahat yaşayacağı bir yaşayış məskənlərinin salınması məqsədinə hesablanıb. Həm də yeni infrastruktur artıq ekoloji enerjidən istifadə edilməsi, iş yerlərinin yaradılması, təbiətlə insanın yaşayış yerinin vəhdəti diqqətdə olan məsələlərdir. Bununla bağlı dünya təcrübəsi var. Eyni zamanda ayrı-ayrı şirkətlərin təklifləri də vaxtaşırı səslənir. Ona görə də Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra hər şeyi yenidən başlamalı olub. Elə isə ənənəvi kənd yerlərinin bərpası deyil, məhz “Ağıllı kənd” modelinin tətbiqi əsas götürülüb. Burada elm və texnikanın ən müasir yenilikləri istifadə olunacaq. Sonradan bu yaşayış məskənlərinin təcrübəsi Azərbaycanın digər bölgələrində də geniş istifadə olunacaq. Artıq cəmiyyətdə məcburi köçkün olmayan insanların gələcəkdə belə bir yaşayış yerlərinə köçüb orada yaşayacağı ilə bağlı fikirləri var.
- Prezidentin son səfərində çox mühüm məqamlar yaşandı. Bura Zəngilanda ermənilərin dağıtdığı məscidinin təmirində Prezidentin iştirakı, məscidin divarına daş qoyması da daxildir...
- Çox təəssüf ki, dünyada ikili standartlar var. Xırda bir məsələyə ajiotajla yanaşanlar böyük və ağrılı faktlara göz yumurlar. Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində 67 məscid vandalizmə məruz qalıb. Onlardan cəmi 3-ü qismən də olsa, öz mövcudluğunu saxlayıb. Amma nədənsə, YUNESKO buna görə Ermənistana fikir bildirməyib. Ancaq bununla belə ermənilərin yalançı hay-küyünü dəstəkləyənlər var. Eyni zamanda da Azərbaycanın böyük Zəfərinə kölgə salmağa cəhdlər edilir. Zəngilanda cənab Prezident tərəfindən məscidin yenidən əsası qoyuldu. Çünki Azərbaycan ənənəvi müsəlman ölkəsidir. İslam dininin burada 1500 illik tarixi var. İnsanlar öz ata-baba yurdlarına qayıtdıqdan sonra normal yaşayış və iş şəraitindən başqa, onların dini inanclarını icra etməsi vacibdir. Bunun üçün də məscidlər, dini ocaqlar yenidən qurulacaq. Burada bütün faktorlar nəzərə alınır.
- Ermənistanla sərhəddə yeni hərbi hissənin açılışında iştirak edən cənab Prezident revanşist düşüncə ilə addım atmaq istəyənlərə qarşı yenidən sərt ifadələr səsləndirdi. Qarşı tərəfin bu mesajlardan sonra belə ritorikadan əl çəkəcəyini, normal yanaşma sərgiləyəcəyini proqnozlaşdırmaq mümkündürmü?
- Azərbayacn bu gün beynəlxalq hüququn ona verdiyi bütün imkanlardan istifadə edir. Bundan da kənara çıxılmır. Sərhədlərimizi, ərazi bütövlüyümüzü qorumaq üçün silahlardan və müasir texnologiyalardan maksimum istifadə olunur. Bu başqa məsələ ki, içində xof olan qüvvələr əgər bundan narahatlıq keçirirsə, əlbəttə narahat da olmalıdırlar. Cənab Prezident Zəngilanda hərbi hissəmiz istiqamətində erməni tərəfindən edilən təxribata da münasibət bildirdi. Ali Baş Komandan bildirdi ki, bu axırıncı dəfədir. Gələn dəfə biz sərt reaksiya verəcəyik. Dövlət başçısı bununla ermənistandakı revanşist qüvələrə də öz cavabını vermiş oldu. Ermənistanda yenidən müharibəyə başlamaq və ərazimizə iddia edənlər də bilməlidir ki, Azərbaycan indi 90-ci illərdəki kimi bir durumda deyil. Azərbaycan 2020-ci ilin 8 noyabrında Zəfər qazanmış bir ölkədir. Ermənistan nə edəcəksə, öz sərhədləri daxilində etməlidir. Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur. Bununla belə dövlətimiz də öz ərazisini də heç kəsə güzəştə getmək fikrində deyil.
Teleqraf.com