Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi buraxılıb. Əvəzində isə "Qarabağa dönüş" adlı ictimai birlik yaradılıb.
Mövzu ilə bağlı Pravda.az-a danışan 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov bu qərarı müsbət qiymətləndirdiyini bildirib.
Deputat qeyd edib ki, əvvəllər başqa istiqamətdə işlər görən bu təşkilatın fəaliyyət istiqaməti, əlbəttə ki, müəyyən qədər dəyişməli idi: "Bildiyimiz kimi, müharibədən əvvəl vəziyyət başqa cür idi: həm azərbaycanlı icması, həm də erməni icması var idi. İndi isə artıq Prezidentin də dediyi kimi: müharibə başa çatıb və Azərbaycan yeni reallıq yaradıb. Bu səbəbdən yeni fəaliyyət istiqamətləri barəsində düşünməyin vaxtı idi və əlbəttə ki, ən vacib məsələ də Qarabağa qayıdış məsələsidir. Hazırda biz bu mərhələdəyik. Hesab edirəm ki, bu baxımdan, belə bir dəyişikliyin edilməsi qayıdış prosesini sürətləndirmək üçün də əhəmiyyətlidir. Ümumiyyətlə, Qarabağa qayıdış prosesində aktiv iştirak etmək həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatlarının əsas hədəflərindən olmalıdır. Fikrimcə, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin buraxılması gələcəyə düzgün baxışdan, doğru qurulmuş strategiyadan xəbər verir. Qayıdış istiqamətində biz bütün məsələlərə önəm verməliyik. Çünki düşmən uzun illər boyunca Qarabağı, bizim doğma torpaqlarımızı, evləri, mədəniyyət abidələrini dağıdıb. Yəni orada görəcəyimiz işlər çoxdur. Bu işləri həm dövlət, həm də ictimai qurumlar həyata keçirməlidir. Hesab edirəm ki, prosesdə iştirak etmək, tezliklə Qarabağa dönmək, bu dönüşün bir elementi olmaq bizim müqəddəs vəzifəmizdir".
Nəzrin Cavid