Ailə, Qadın Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sualları cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Bahar xanım, Prezident ailə üzvləri ilə birlikdə növbəti dəfə Zəngilan və Cəbrayıl rayonlarına səfər etdi. Mühüm layihələrin açılışı oldu, bir neçəsinin isə əsası qoyuldu. İlham Əliyevin azad olunmuş ərazilərə son səfəri və verdiyi mesajlar bölgənin gələcəyi ilə bağlı hansı yeniliklərdən xəbər verir?
- Cənab Prezident 44 günlük Vətən müharibəsindən sonra uzun illər dünyaya, bütün xalqlara başqa cür təqdim olunmuş bir dövləti yeni görkəm və keyfiyyətdə tanıtdı. Dünya Azərbaycan haqqında getdikcə indi daha çox maraqlanır, öyrənir və eşidir. Çünki ölkəmiz beynəlxalq hüququn prinsiplərini, BMT-nin qəbul etdiyi sənədləri, beynəlxalq təşkilatların problemin həlli ilə bağlı qəbul etdiyi qərarları öz gücünə icra etdi. Bununla da işğalda olan ərazilərini azad etməyə nail oldu. Bu isə beynəlxalq hüququn təmin olunması, insanların haqqının bərpası deməkdir. Azərbaycan ərazilərində törədilən vandalizm, barbarlığın nəticələrinin aradan qaldırılması istiqamətində cənab Prezident tərəfindən beynəlxalq şirkətlərə abadlıq, quruculuq prosesinə qoşula biləcəkləri barədə mesajlar verilib. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycana dost münasibətləri ilə seçilən ölkələr və şirkətlər bu prosesdə yer alacaq. Azərbaycan artıq mümkün, öz ixtiyarında olan və ən ağır işi həyata keçirib. İndi azad olunan torpaqlarda quruculuq, abadlıq, tikinti, yaşıllaşdırma işləri davam edir. Qısa zamanda tanınmış, beynəlxalq şirkətlərlə əlaqələr qurulub. Onların iştirakı ilə “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri reallaşır. Yazın bu gözəl günlərində Azərbaycanın ən gözəl təbiət mənzərələrini özündə əks etdirən Zəngilan və Cəbrayıla dövlət başçısının ailə üzvləri ilə səfəri vasitəsilə bu gün həm də bütün dünya Azərbaycanın işğaldan azad olunan ərazilərindəki vəziyyəti və onun düzəltmək, bərpa etmək istiqamətindəki niyyətini izləyir. Bütün dünyaya bir daha bəyan edilir ki, bu ərazilərin əsl sahibi kimdir. Azərbaycanın ədalətli mövqeyini dəstəkləyənlərin sayı indi daha çoxdur. Ermənistana törətdikləri bu cinayətlərə görə haqq qazandıra biləcək fikirlər də artıq səslənmir. Odur ki, görülən bu işlər getdikcə genişlənəcək.
Cənab Prezident həm də azad olunan ərazilərdə gəzdiyi, qəsəbələr, kəndlər, dağlar, çaylar haqqında da ətraflı məlumatlar verərək, onların Azərbaycanın böyük sərvəti olduğunu, bizə məxsusluğunu dönə-dönə vurğulayır. Ali Baş Komandan kimi azad etdiyi bu torpağa, xalqa, dövlətə bağlı olduğunu, vətənin hər daşına, yarpağına, ağacına, sevgi, məhəbbətlə yanaşdığını, bir növ onların insan kimi qayğısını çəkdiyini göstərir. Bu da hər bir Azərbaycan gəncinin, insanının vətənpərvərlik hissinin daha da güclənməsinə xidmət edir. Azad olunmuş torpaqlarda xüsusi ilə məscidin bərpası ilə bağlı atılan addım, dini ocağın divarına cənab Prezidentin öz əlləri ilə daş qoyması, həm də onun saf niyyətini, Ermənistan tərəfinin dağıdıcı, Azərbaycanın isə qurucu bir ölkə olduğunu göstərir. Bu, həm də min illər bu ərazilərin bizə, Azərbaycana məxsusluğuna dair həqiqəti bir daha sübüt edir. Bu səfər əyani şəkildə sübut edir ki, Vətənin hər daşı bizim üçün əzizdir. Bu həqiqət həm də ermənilərə bəllidir. Əgər belə olmasaydı, ermənilər bu əraziləri tamamilə dağıdıb xarabalığa çevirməzdi. İnzibati binaları, evləri, yolları dağıtmazdı, təbiətə bu qədər zərər vurmazdı, ağacları kəsməz, çayları çirkləndirməzdi. Ona görə də cənab Prezidentin azad olunmuş torpaqlara son səfərini izləyən xalqımızın ürəyində bir daha bu torpaqlara qayıdışda yaxından iştirak etmək, onun hər daşını qorumaq, indiyə kimi buraxdığımız səhvləri düzəltmək, malik olduqlarımıza sahiblik hissi ilə yanaşmaq keçir. Bu bizim daxili birliyimizi, milli həmrəyliyimizi qorumaq hislərimizi daha da gücləndirir. Xalqımızı bir daha Azərbaycanın Lideri, müzəffər Ali Baş Komandanı, dünya liderləri içərisində ən parlaq Şəxsiyyət, ən güclü Prezident kimi qəbul edilən cənab İlham Əliyevin ətrafında birləşməyə sövq edir.