ABŞ atdığı addımlarla özünü çox çətin duruma salıb. Bu regionda söz və təsir sahibi məhz Azərbaycanla Türkiyədir. Bu iki dövlət hər zaman birlikdə siyasət formalaşdırıb. Bu amil nəzərdən qaçırılmamalıdır. Azərbaycan-Türkiyə birliyi regionda böyük işlərin görülməsinə əsas yaradır. Eyni zamanda ölkəmiz torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə tamamilə başqa bir reallıq yaranıb. Bu da mövcud yanaşmalara konkret bir cavabdır.
Bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.
Onun fikrincə, ABŞ bu gün çalışır ki, maraqlarına zidd olan addımları hansısa formada yumşaltmağa nail olsun:
“Cəhdlər odur ki, bunun mənfi təsiri bir qədər aradan qaldırılsın. Təbii ki, ABŞ Dövlət katibinin cənab Prezidentə zəngi bir neçə səbəbə görə də ciddi təhlil olunmalıdır. İlk növbədə bu, Azərbaycanın və Türkiyənin nüfuzu, gücü regionda təsir imkanı ilə bağlıdır. Bu, danılmaz bir faktordur. Digər tərəfdən, Azərbaycanın bu gün artıq dünya siyasətinin formalaşmasında güclənən mövqeyi mövcuddur. Bunu heç kim inkar edə bilməz. Azərbaycan artıq elə bir siyasi aktordur ki, onun mövqeyindən, fikrindən çox şey asılıdır. Eyni zamanda ABŞ anlayır ki, özünü regiondan təcrid edən bir addım atıb atıb. Bunun qarşısını almaq üçün əlaqələrin qurulması vacibdir. Ona görə də zaman keçdikcə ABŞ bu münasibətlərin bərpasında maraqlı olacaq. Bu maraq isə Azərbaycanın strategiyasına uyğun istiqamətdə davam etməlidir. Bunlar olmasa, ABŞ üçün problemlər səhifəsi açılacaq. Çünki erməni lobissi ABŞ-da güclü olsa da, bu ölkənin maraqlarına zidd fəaliyyət göstərir”.