Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyat zamanı rayonun inzibati ərazisinə daxil olan kənd və qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Süleyman İsmayılov və Firudin Külmanov tutularaq Suraxanı RPİ-yə gətiriliblər. Onların hər birindən 1 büküm narkotik vasitə heroin aşkar olunub. Bu şəxslər ifadələrində narkotik vasitələri Zığ qəsəbəsində Cəlal adlı şəxsdən aldıqlarını bildiriblər. Keçirilən əməliyyat zamanı həmin şəxs, əvvəllər məhkum olunmuş Cəlal Abdullayev də saxlanılıb. Onun üzərindən və Zığ qəsəbəsində yaşadığı evdən ümumilikdə 2 kiloqrama yaxın heroin, 240 qram metamfetamin və 39 ədəd satışı qadağan olunan tramadol həbi aşkar edilib.
Bu şəxs narkotik vasitələri onlayn yolla xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.