Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev Sumqayıt və Abşeron polis rəislərinin məhkəmə qərarlarını icra etməməsi barədə daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimova müraciət edib. O bildirib ki, son 8 ayda 6 qərar çıxarsa da, sözügedən rəislər bu sənədlərə laqeyd yanaşırlar.
Pravda.az-ın xəbərinə görə, məsələ 2019-cu il avqustun 16-da Sumqayıt şəhərində “Metallurq” kafesində baş vermiş hadisə ilə bağlıdır.
Belə ki, həmin gecə saat 23 radələrində fəhlə işləyən Xaqani Quliyev və Vüqar Tağıyev kafeyə gələrək pivə sifariş ediblər. Daha sonra həmin şəxslər tum yeyərək qabığını yerə töküblər. Ofisiantlar bir neçə dəfə onlara bu barədə xəbərdarlıq etsələr də, Xaqani və Vüqar tum yeməyə davam ediblər. Daha sonra kafenin mühafizəçisi Sabir Əskərovu çağırıblar. O da bir dəfə xəbərdarlıq etdikdən sonra Xaqani və Vüqarı söhbət etmək üçün çölə çağırıb.
İttihama görə, bu zaman Xaqani söyüş söydüyü üçün Sabir Əskərov onu yumruqla vurub yerə yıxıb, ardınca həmin kafedə ofisiant işləyən Bəxtiyar Fərəcov yerdə olan stolu götürərək Xaqaninin üzündən zərbə vurub. Stolun dəmir ayağı Xaqaninin gözünü çıxarıb. Daha sonra kafedə ilk iş günü olan ofisiant Tural Sadıqov yerdən götürdüyü taxta parçası ilə söyüş söyən Vüqar Tağıyevin sifətinə vurub. Sabir Əskərov isə yerdən götürdüyü daşı yaralı halda söyüş söyən Xaqaninin başından vurub.
Bu işlə bağlı cinayət işinin istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Zeynal Ağayevin icraatında olan cinayət işi üzrə məhkəmə prosesi 8 aydır ki, şahidlərin dindirilmə mərhələsini yekunlaşdıra bilmir. Buna səbəb isə Sumqayıt və Abşeron polis idarələri rəislərinin hakimin şahidlərin məcburi gətirilməsi barədə qərarı icra etməməsidir. Şahidlərin biri həmin kafenin sahibi Vasif Quliyevdir. Digər şəxslər isə kafenin xidmətçiləri – Aynur Ağazadə, Zenfira Cəfərova, müştəri Günel İsmayılzadə, kafenin “DJ”i Teymur Qurbanov, ofisiantlar – Kənan Vəliyev və Sübhan Abdulrəhimovdur.