BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Karantin rejimi ilə bağlı açıqlama

Koronavirus yenə də dünya gündəmini zəbt edib. Ümumi olaraq  dünya üzrə 153 498 053 nəfərdə koronavirus aşkarlanıb. Virusdan 3 216 383 xəstə ölüb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (33 180 441 nəfər), Hindistan (19 925 604 nəfər), Braziliya (14 754 910 nəfər), Fransa (5 652 247 nəfər) və Türkiyədir (4 875 388 nəfər).

 

Hindistanda vəziyyət lap kəskinləşib, sutka ərzində koronavirusa 368 147 yoluxma qeydə alınıb. Sözügedən göstərici pandemiyanın başlanğıcından bu yana antirekord hesab edilir. Ölkədə ölənlərin sayı 218 959-a çatıb. Sağalanların sayı isə 16,2 milyon olub.

 

Azərbaycanda isə koronavirus yoluxması azalıb. Yaxın vaxtlarda bu xəstəliyin idarəolunan vəziyyətə gələcəyi bildirilir. ARB24-ə açıqlamasında həkim Ramin Nəriman  bildirib ki, yaxın 10-14 gün ərzində koronavirusdan ölüm hallarında azalma müşahidə olunacaq: “Hesab edirəm ki, hazırda vəziyyət yaxşıdır və müsbətə doğru gedir. Qapanmalar artıq bu xəstəliyin idarəolunmasında ciddi əhəmiyyət kəsb eləmir. Bu dalğada digərləri ilə müqayisədə daha az xəstə sayı müşahidə olundu. Xəstəlik karantin dövründə olduğu kimi 4-6 həftə ərzində aktiv dövrünü yaşadı və sonra sönməyə başladı. Yəni karantin rejimi tətbiq olunmadan da bu vəziyyətdən çıxmaq mümkün oldu. Düşünürəm ki, peyvəndlənmə belə aktiv olarsa, mayda bütün dünyada müsbətə doğru dəyişiklik olacaq. Növbəti aylarda həm hava temperaturu, həm də peyvəndlənmə prosesi ilə əlaqədar virus idarəolunan vəziyyətdə olacaq”.

 

Ramin Nəriman qeyd edib ki, bu dalğada orta yaş qrupu arasında ölüm hallarının sayında artım müşahidə olunub:

 

“Koronanın 3-ü dalğasında Azərbaycanda yaşlı nəsil arasında tələfat az oldu, amma orta yaş qrupunda əksi müşahidə olundu. Çox güman ki, bu, peyvəndlənmə ilə bağlıdır. Yəni ilk yaşlı insanlar peyvənd olundu deyə, xəstəliyi yüngül keçirdilər”.

 

Bununla belə, dünyada virusla bağlı narahatlıq bir sıra sualları ortaya çıxarır, digər ölkələrdə yüksək yoluxma varsa, bizdə də yenidən təhlükə ola bilərmi? Öldürücülük qabiliyyəti ilə Hindistan ştammı da digər tərəfdən insanlar arasında təşviş yaradıb.

 

Yeri gəlmişkən, bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər “COVID-19" xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan ”Vaxzevria" vaksinindən (İstehsalçı şirkət “AstraZeneca”) də istifadə edə biləcəklər.

 

“Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

 

“COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir. “Vaxzevria” vaksini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təsdiq olunub.

 

Bununla belə, yeni vaksinlə bağlı yaşlılar arasında narazılıq yaranıb. Bizimlə söhbətdə 65 yaşlı Fərhad Məmmədov deyir ki, bu, sanki yaşlılar üzərində təcrübədir: “Bunun ilkini bizə tətbiq edirlər ki, ölsək ölək, qalsaq başqalarına da vurulsun. Mən peyvənd olunmayacam. Ölsəm də, Allahın qismətidir”. Təəssüf ki, cəmiyyətimizdə hələ də belə düşünən insanlar mövcuddur...

 

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə  “Yeni Müsavat”a mövzu ilə bağlı yaranan bu və digər suallar ətrafında danışıb: “Hazırda epidemik alovlanma sönməyə doğru gedir. Gündəlik yoluxmaların sayı azalır. Əgər yoluxma sayı gündəlik təqribən 2500 -2700 arasında dəyişirdisə, bu say təqribən 1000 nəfərə enib. Bu da onu göstərir ki, alovlanma artıq sönmək üzrədir. Amma onu qeyd edə bilərəm ki, bu rəqəmlərə arxayın olmamalıyıq. Çünki sonradan yenə arta, çoxala bilər. Çünki bu hadisə üç dəfə başımıza gəlib, sərt karantinə getmişik. Sonradan yenə artıb, çoxalıb. Pandemiya dövründə yaşayırıq, bu virus hələ də ətrafımızdadır. Ona görə də daim ehtiyatlı olmalıyıq. Bu səbəbdən də  vaksinasiya mütləq şəkildə sürətləndirilməlidir. Əhalinin hələ 14-15 faizi vaksinasiyaya cəlb olunub. Bu da bir az aşağı rəqəmdir. Vaksinasiya könüllüdür, insanlar yoluxma sayının  azalmasından istifadə edib, peyvənd olunmalıdırlar. Vaksin olunanların sayı çox olmalıdır ki, növbəti epidemik alovlanmada yoluxanların sayı az olsun”.

 

İnfeksionist Hindistan ştammının bizim üçün təhlükəli olub-olmamasından danışıb: “Hindistan ştammı deyilir, bu da əslində COVİD-19-un mutasiya olunmuş formasıdır. Bunun da ölkədə yayılmasına günahkar özləridir. Çünki Hindistanda qaydalara məhəl qoymadılar, bayram keçirdilər, insanlar bir yerə toplaşdılar. Nəticədə də gündəlik yoluxma 350 mini keçdi. Epidemik alovlanma sürətlə baş verdi və hətta biz görürük ki, gündəlik ölənlərin sayı nə qədər çoxdur. Digər tərəfdən də bu virusun yayılmasında sosial amillər də rol oynayır. Hindistanda əhalinin böyük əksəriyyətinin yaşayış səviyyəsi, gigiyenik qaydalara riayət etməmələri, antisanitar şəraitdə yaşamaları infeksiyanın geniş şəkildə yayılmasına səbəb oldu. Bu amil xəstəliyin daha ağır keçməsinə, ölüm hallarının sayının artmasına gətirib çıxarıb. Hindistan ştammı digər ölkələrdə də aşkar edilib. Bir sıra qonşu ölkələrdə də var. Eyni virusdur, sadəcə olaraq, mutasiya olunmuş variantdır. Bunun yayılmasna zəmin yaratmaq lazım deyil”.

 

İnfeksionist insanların vaksin seçmək kimi imkanlarının olub-olmaması məsələsinə münasibət bildirib: “Bu barədə mənim konkret bir məlumatım yoxdur. Bununla bağlı yəqin ki, hökumət qərar verəcək. Bundan sonra addım atılacaq”.

 

Cavadzadə “Vaxzevria” vaksininin yaşlılara ilk olaraq tətbiq olunması ilə bağlı yaranan narazılığa da münasibət bildirib: “Sınaq deyəndə, artıq bir ildən çoxdur koronavirus yayılıb, 5 aydır ki, vaksinasiya tətbiq olunur. Bütün ölkələrdə ”Sputnik V", “AstraZeneca” tətbiq olunub. Bunların axı acı nəticələrini görməmişik ki, yaşlılara tətbiq edək, “sonra necə olur olsun” deyək. Xeyr, bu belə deyil. “Sputnik V” də, “AstraZeneca” da  dünyanın 20-dən artıq ölkəsində tətbiq olunub. Elə bir ciddi əlavə yan təsirlər müşahidə olunmayıb. Yəni burada da ürəklə tətbiq etmək olar".

Tarix: 4 May 2021, 08:45   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin