Tovuzun Dondar Quşçu kəndində ötən ilin noyabrında itkin düşən Nərmin Quliyevanın meyitinin tapılması cəmiyyətin sərt reaksiyasına səbəb oldu. Sosial şəbəkə izləyiciləri paylaşımlarında azyaşlı qızın 48 gün ərzində balaca kənddə tapılmamasını polisin səhlənkarlığı kimi qələmə verdilər. Bundan başqa, bir neçə gün əvvəl Şəmkirdə itkin düşən 17 yaşlı yeniyetmə qız barədə də ictimaiyyət dərhal məlumatlandırılmayıb. Görəsən, itkin düşənlərin tapılması üçün keçirilən əməliyyat-axtarış tədbirlərini uzadan səbəb nədir? Nəyə görə bəzi itkin düşmə hadisələri cəmiyyətə nisbətən gec çatdırılır?
“İtkin düşən şəxsin tez tapılması polis üçün ən məsuliyyətli məqamlardan biridir”.
Bunu keçmiş polis rəisi Mahmud Hacıyev polisin itkin düşənlərlə bağlı apardığı axtarışlardan danışarkən deyib. O, uzun çəkən əməliyyat tədbirləri zamanı axtarış işi açıldığını qeyd edib. Keçmiş polis rəisi bəzi faktların əslində itkin düşmə yox, digər cinayət əməlləri olmasından da danışıb:
“İtkin düşmə faktı birbaşa polisin cinayət axtarış xidmətinə aiddir. Həmin xidmət 3 sahədə - itkin düşənlərin tapılması, naməlum meyitlərin şəxsiyyətinin məlum edilməsi və bağlı qalan cinayət hadisələrinin üstünün açılması istiqamətində fəaliyyət göstərir. Heç bir əməliyyat xidməti istəməz ki, ona müraciət olunduğu halda, itkin düşən şəxs gec tapılsın. Bəzən axtarılan şəxs tez tapılsa da, bununla bağlı açıqlama verilmir. Açıqlanan faktlar əsasən, gec tapılanlarla bağlı informasiyalar olur. Bu da insanlarda axtarışın zəif getməsi barədə təəssürat oyadır. Əməliyyat uzun müddət davam edəndə hüquqi normativ akta əsasən, axtarış işi açılır. Bu iş də məxfi və ümumi olmaqla iki hissədən ibarətdir. Axtarışları həmin əraziyə nəzarət edən sahə əməliyyat müvəkkili aparır. Bütün dünya ölkələrində oxşar təcrübə var. Məsələn, bəzən bir neçə aydan sonra itkin düşmə faktının qəsdən adam öldürmə, yaxud adam oğurluğu olduğu müəyyən edilir. Belə olan hallarda artıq itkin düşmə ilə bağlı açılan iş yüksək səviyyədə nəzarətedici orqan olan prokurorluq tərəfindən təhlil olunur. Üzə çıxan fakt üzrə cinayət işi başlanılır və istintaq aparılır. Buna görə də itən şəxslərin gec tapılmasında polisi günahkar bilmək düzgün deyil”.