"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğulları Rahib və Emin Hüseynov qardaşları bir neçə ildir həbsdədir.
Hər iki qardaşın həbsinin səbəbləri və Arif Əsgərovun oğlu Elnarın bu cinayət işlərində iştirakı barədə geniş yazılar dərc etmişdik. İndi həmin işlərin davamı olaraq maraqlı və olduqca ilginc yenilik ortaya çıxıb.
Hüseynov qardaşlarından Rahib məhkəməsi davam edən ərəfədə ona vəkillik edən qadınla evlənib. Rəsmi nikah bağladıqdan sonra əmlaklarını onun adına keçirib. Sonra isə həmin qadın tərəfindən dələduzluğa məruz qalıb. Bu haqda geniş məlumat vermədən əvvəlki hadisələr- Hüseynov qardaşlarının həbsinin səbəbləri haqda xatırlatma edək.
Arif Əsgərov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri olanda onun oğlu Elnar Əsgərov xarici ölkələrdən mal gətirərək atasının rəhbərlik etdiyi bu quruma satırmış. Xaricdən alınan mal QSC-yə dəyərindən 5-6 dəfə baha satılaraq dövlət büdcəsindən milyonlarla manat silinib. Elnar Əsgərov bu biznesini böyütmək üçün ayrı-ayrı şəxslərdən pul alaraq onları da bu işə şərik edib. Uzun illər bu sistemlə milyonlar qazanıblar. Amma sonradan işlər elə gətirib ki, alınan pullar geri qaytarılmayıb və pul sahibləri şikayətlər edib.
Bu zaman Elnar Əsgərov pulları özünün yox xalasının oğullları Emin və Rahib tərəfindən ələ keçirildiyini deyib.
Rahib Hüseynov həbs edilmədən öncə qeyd kitabları ortaya qoymuşdu. Kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazılmışdı. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd etmişdi. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur.
Məlum olurdu ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, "qara mühasibatlıq" işinə də Rahib Hüseynov və qardaşı nəzarət edib.
Amma bütün bunlara baxmayaraq, sonra Hüseynov qardaşları dələduzluqda ittiham edilərək həbs edildi. Elnar Əsgərov isə məhkəmədə yalnız şahid kimi ifadə verərək xalasının oğlanlarını günahkar göstərdi.