1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
20 yanvar hadisələrinin canlı şahidi Mənsur Qocayev o müdhiş faciə ilə bağlı yaşantılarını bölüşüb.
Mənsur Qocayev deyir ki, dinc insanlara atəş açılacağını heç kim gözləmirdi:
"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda silahsız olduğumuz halda bizi gülləbaran etdi. Sovet əsgərləri həmin gecə tankları əliyalın əhalinin üstünə sürürdü. O anları xatırlamaq dəhşətdir. Yanvarın 17-dən küçələrə çıxırdıq, etiraz edirdik. Yolları bağlamışdıq, xalq etiraz edirdi. Yanvarın 19-da gecə saat 12-də Biləcəri istiqamətindən tanklar şəhərə daxil olmağa başladılar. Bir də baxdıq ki, dəbilqəli əsgərlər "Şamaxı yolu" istiqamətindən üstümüzə gəlirlər. İnanmırdıq ki, bizə güllə atarlar. Təxminən 50 metr məsafə qalmış başladılar insanlara atəş açmağa. Əsgərlər avtomatla bizi güllə yağışına tutdular. Yanımızdakı 16 mərtəbədən kimsə aşağı nəsə atdı. Bunu görən əsgərlər binanın həmin mənzilini pulemyotlardan atəşə tutdu. Demək olar ki həmin mənzil tam dağıdıldı".