16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv Şabot (Steve Chabot) bəyanatla çıxış edərək, “Qara Yanvar” kimi tanınan Sovet İttifaqı tərəfindən törədilmiş qətliam zamanı həlak olmuş günahsız insanların xatirəsini yad edib və 30 illiyinin qeyd olunduğu 20 yanvarın Azərbaycanın müstəqilliyinin yenidən formalaşması tarixi kimi əhəmiyyətini vurğulayıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Pravda.az-a verilən məlumata görə, konqresmen Stiv Şabot bəyanatında 1990-cı ilin 20 yanvar gecəsində 26 minlik sovet qoşunlarının Bakı və ətraf ərazilərə hücum etdiyini, “Qara Yanvar” kimi insanların və tarixin yaddaşına həkk olunan Sovet qəddarlığı nəticəsində 145-dən çox mülki əhalinin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını və yüzlərlə insanın həbs olunduğunu diqqətə çatdırır.
Sovetlərin bu sərt tədbirinin məqsədinin Azərbaycanda formalaşmaqda olan müstəqillik hərəkatını boğmağa cəhd olmasına baxmayaraq, bunun Kommunist partiyasının idarəçiliyini və ümumilikdə Sovet İttifaqını qorumağa naçar cəhd kimi sübut edildiyi diqqətə çatdırılır və bildirilir ki, əslində bu Azərbaycan və digər respublikaların müstəqillik hərəkatlarına təkan vermişdir.