Pirallahı rayon İcra başçısı Vətən Müharibəsində qəhrəmancasına döyüşmüz zabitə süpürgəçi işləməyi təklif edib.
Bu barədə İkinci Qarabağ müharibəsi iştirakçısı, taqım komandiri, baş leytenant İqbal Səfərov özü məlumat verib:
“Vətən müharibəsindəki qələbəmizdən sonra ordudan tərxis olundum. Müxtəlif tarixlərdə Pirallahı rayon İcra basçısı Vasif İmanovla iki dəfə şəxsən gorüşmüşəm. İlk görüşümüz Xəzər rayon Hərbi Səfərbərlik İdarəsinin məni çağırıb, Cənab Prezidentimizin Sərəncamı ilə İcra hakimiyyətlərində yeni yaradılan Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsində şöbə rəisi kimi mənə iş təklifi etməsindən sonra baş verib. Tam səmimi şəkildə qeyd edim ki, hər iki görüşümüzdə cənab başçı həqiqətən məni yüksək şəkildə qəbul edib. Səmimi söhbətlər aparmışıq, mənim döyüş yolumdan, torpaqlarımızın azad olunmağından və ümumiyətlə bir çox mövzularda bir saata yaxın söhbətləşmişik. Mənə yaraşmaz indi deyəmki, məni qəbul etməyib, ya hörmətsizlik edib. Xeyr, düzü necədirsə, elə də qeyd etmək borcumdu. Mənimlə fəxr elədiyini, hətta bundan sonra onu özümə arxa-dayaq, böyük qardaş bilməyimi söylədiyini də xatırlatmaq boynumun borcudu. Bundan artıq nə istəyə bilərdim ki... Sevincli idim, ona dərin təşəkkürümü bildirdim.
Məni Fəxri Fərmanla təltif etdi, şəkillər çəkdirdik. Hətta xatirimdədi mənə “sən kişi kimi döyüşmüsən, kişi kimidə iş istəyirsən, halal olsun” söylədiyini də unutmuram. Görüşdən iki gün əvvəl mənim sənədlərim, şəxsi işim cənab başçıya kadrlar rəisi tərəfindən təqdim olunmuşdu. Sənədlərimin çox gözəl olduğunu, bəyəndiyini, mənim özümü də şəxsən ona görə çağırdığını, canlı tanış olmaq istədiyini bildirdi. Və mənə dedi ki, “səni heç yerə buraxan deyiləm. Mənə lazımlı kadrsan. Hər şey çox yaxşı olacaq”. İnsanıq, sözlər bir balaca bəzəkli olanda tez inanırıq. Səmimi qəbul edib, inanmışdım”.
Baş leytenantın sözlərinə görə, rayondan döyüşlərdə cəmi iki zabit komandir kimi iştirak edib:
“Biri mənəm, Allahın qisməti sağ qayıtmışam, digəri isə haqqı rəhmətinə qovuşub, Şəhidlik məqamındadır. Allah rəhmət eləsin qardaşıma!
Cənab Prezidentin Sərəncamına əsasən, sözü gedən şöbəyə yerli sakinlərdən və ən əsası döyüşlərdə iştirak etmiş komandir heyətindən bir nəfəri şöbə rəisi kimi təyin etmək gərəkdiyini mənə Hərbi Səfərbərlik İdarəsi bildirəndə, mən də bununla şərəf duyacağımı demişdim. Həm də başqa namizəd yox idi, tək mən idim. Bu işi həm təklif, həm də xahiş etmişdilər.
Yaxın günlərdə Pirallahı rayon icra başçısı Vasif İmanov tərəfindən başqa rayondan olan bir qardaşımız mən rayonda ola-ola müvafiq şöbəyə rəis təyin edildi. Eybi yox, buna bir söz demirəm. Problemim yeni təyin olunan şəxslə bağlı deyil. Ola bilər, məndən daha savadlı, daha qabiliyyətli, daha münasib şəxsdir ki, mən burda ola-ola onu başqa rayondan gətirdilər. Ona bu şərəfli, məsuliyyətli işdə uğur arzu edirəm, yolu açıq olsun.
Ali təhsilliyəm, iki diplomum var, xarici dil bilirəm, ATƏT-dən, İngiltərədən, Amerikadan sertifikatlarım, Fəxri Fərmanlarım və ən əsası Cənab Ali Baş Komandanımız tərəfindən Füzuli, Xocavənd və Şuşanın azad edilməsinə görə medallarım var. Bu özü Prezidentimiz tərəfindən bizlərə ayrı bir diqqətdir. Medal üçün getməmişdik ki, amma diqqət ayrı şeydir!”.
Keçmiş taqım komandiri qeyd edib ki, həmin şöbəyə başqa adam təyin etdikdən sonra, mayın 5-də icra başçısından ona rayonda süpürgəçi işləməyi təklif edib:
“Cənab başçı, mənə küçədə süpürgəçilik işini hansı əsaslarla rəva bilirsiz? Yəqin, sənədlərimə baxıb son nəticə olaraq qərar verdiniz ki, mənim yerim Cənab Prezidentin Sərəncamı ilə yaradılan yeni şöbə yox, məhz küçələrdir. Anlamaqda çətinlik çəkirəm. Anlayan varsa, mənə də izah etsin, mən də anlayım. Bu nə deməkdir?
