Son vaxtlar ölkədə boşanmaların sayı kəskin şəkildə artıb. Əslində, bu tendensiyanın dünyanın hər yerində müşahidə edildiyini desək, yanılmarıq. Təkcə bu gün iki tanınmış simanın xəyanət səbəbilə evliliyini sonlandırdığı barədə mətbuatda xəbərlər dərc olunub. Onlardan biri “Microsoft”un qurucusu, milyarder Bill Qeyts, digəri isə Cənubi Azərbaycandan olan iş adamı Reza Zerrabdır. Səs-küysüz ötüşməyən bu iki boşanma hadisəsi ənənəvi sualı yenə aktuallaşdırıb: Kişilər niyə xəyanət edir? Mövzu barədə Yenisabah.az-a danışan Əməkdar jurnalist, “525-ci qəzet”in təsisçisi Rəşad Məcid xəyanət məsələsində qadınların kişilərdən heç də geri qalmadığını, hətta ən böyük xəyanətkarın elə qadınlar olduğunu vuğulayıb:
“Cəmiyyətdə qadınların xəyanətinə də rast gəlirik. Dünyaca məşhur yazıçı Oşo var, kitablarını çox oxuyurlar, onun belə bir fikri var: “Nə qədər ki sevgi var, yaşamaq lazımdır. Sevgi bitəndə isə boşanıb başqası ilə yaşamaq lazımdır”. Yəni Oşo sevgisiz həyatı həyat hesab etmir. Məşhur adamlar da Oşonun təlimlərini yerinə yetirirlər, havayı niyə enerji xərcləsinlər ki?”.
Bill Qeytsin xəyanətinə gəldikdə isə həmsöhbətimiz bunun inandırıcı görünmədiyini diqqətə çatdırıb:
“Mən bilmirəm Bill Qeyts niyə boşanıb? Onun xəyanət etməyə halı yoxdur. Bill Qeyts o yaşda nə xəyanət edəcək? Onların boşanmasında maliyyə məsələsi rol oynayıb, yəqin, Marsda yer bölüşdürə bilmirlər, ya da vergini azaltmaq üçün şou göstərirlər”.