“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanda dəyişiklik edilib.
Pravda.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi” üzrə:
1.1. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.1. Şirkətin strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqi (bundan sonra – AİH) təsdiq edir.”;
1.2. 4.2-ci, 4.7-ci və 4.9-cu bəndlər ləğv edilsin;
1.3. 4.3-cü bənddə birinci halda “Şirkətin” sözü “Şirkət” sözü ilə əvəz edilsin;
1.4. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4.4. Şirkətin strukturuna daxil olan qurumların, həmçinin törəmə və asılı təsərrüfat cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi barədə qərarları Şirkətin Müşahidə Şurası qəbul edir.”;
1.5. 4.5-ci bənddə “Şirkət tərəfindən yaradılan müəssisələr, təşkilatlar və digər təsisatlar” sözləri “Şirkətin strukturuna daxil olan qurumlar” sözləri ilə əvəz edilsin və həmin bəndə “aparılması” sözündən sonra “Azərbaycan Respublikasının qanunları və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, bu Nizamnamə və AİH-nin müəyyən etdiyi qaydalar və ya AİH-nin razılığı ilə” sözləri əlavə edilsin;
1.6. 4.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“4.6. Şirkət tərəfindən bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin tam və ya qismən onun strukturuna daxil olan qurumlara həvalə edilməsi barədə qərarları Şirkətin Müşahidə Şurası qəbul edir.”;
1.7. 4.8-ci bənddə “bilavasitə Şirkət iştirak edə bilər” sözləri “Şirkətin bilavasitə iştirakı ilə bağlı qərarları Şirkətin Müşahidə Şurası qəbul edir” sözləri ilə əvəz edilsin;
1.8. 4.10-cu bəndə “strukturuna daxil olan qurumların” sözlərindən sonra “, törəmə və asılı təsərrüfat cəmiyyətlərinin” sözləri əlavə edilsin;
1.9. 4.13-cü bənddə “iş proqramlarının və” sözləri “iş planları, habelə” sözləri ilə əvəz edilsin;
1.10. V bölmə aşağıdakı redaksiyada verilsin:
“V. Şirkətin idarə olunması
5.1. Şirkət öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Şirkətin korporativ idarəetmə standartları AİH tərəfindən təsdiq olunur.
5.2. Şirkətin ali idarəetmə orqanı onun Ümumi Yığıncağıdır. Şirkətin idarəetmə orqanları Müşahidə Şurası və kollegial icra orqanı – İdarə Heyətidir.
5.3. Ümumi Yığıncağın müstəsna səlahiyyətləri “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 1258 nömrəli Sərəncamı ilə müəyyən edilir. Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid edilməyən məsələlər barədə qərarlar nizamnaməsinə uyğun olaraq AİH tərəfindən qəbul olunur.
5.4. Şirkətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Şirkətin Müşahidə Şurası (bundan sonra – Müşahidə Şurası) həyata keçirir. Müşahidə Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 7 (yeddi) üzvdən ibarətdir. Şirkətin İdarə Heyətinin üzvləri Müşahidə Şurasına üzv təyin edilə bilməzlər. Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 3 (üç) ildir.
5.5. Müşahidə Şurasının vəzifələri aşağıdakılardır:
5.5.1. Şirkətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
5.5.2. Şirkətin İdarə Heyətinin fəaliyyətinə nəzarət etmək, AİH-nin təsdiq etdiyi qiymətləndirmə sisteminə uyğun olaraq İdarə Heyəti üzvlərinin fəaliyyətini qiymətləndirmək;
5.5.3. İdarə Heyəti üzvlərinin, habelə Azərbaycan Respublikasının qanunları ilə yol verilməyən hallar istisna olmaqla, Müşahidə Şurasının üzvlərinin mükafatlandırılması qaydasını müəyyən etmək;
5.5.4. Şirkətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək, törəmə və asılı təsərrüfat cəmiyyətlərini yaratmaq, onların nizamnamələrini təsdiq etmək, rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
5.5.5. Şirkətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
5.5.6. Şirkətin risklərin idarə olunması, daxili audit və uyğunluğa nəzarət xidmətlərini yaratmaq, onların əsasnamələrini təsdiq etmək;
5.5.7. Şirkətin mərkəzləşdirilmiş fondlarını yaratmaq və onlardan istifadə qaydalarını müəyyən etmək;
5.5.8. Şirkətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti və daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) təsdiq etmək;
5.5.9. Şirkətin illik səmərəlilik göstəriciləri üzrə hədəfləri, habelə likvidliyin hədəf göstəricilərini, maliyyə dayanıqlığının artırılmasına dair hədəf göstəricilərini, eləcə də ortamüddətli biznes planının əsas göstəricilərini təsdiq etmək;
5.5.10. Ümumi Yığıncağın səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, Şirkətin investisiya layihələrini və onların icrasına dair hesabatları, eləcə də Şirkətin inkişaf strategiyasının və biznes planının əsas göstəricilərinin icrasına dair hesabatı təsdiq etmək;
5.5.11. satınalmalarla bağlı Şirkətin strategiyasını və daxili normativ sənədlərini təsdiq etmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət vəsaiti (dövlət büdcəsi, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar) hesabına satınalmaları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, digər hallarda isə Şirkətin daxili normativ sənədlərinin tələblərinə uyğun olaraq həyata keçirmək;
5.5.12. Şirkətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən çox məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Şirkətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;
5.5.13. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Şirkətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
5.5.14. Şirkətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarət etmək;
5.5.15. Şirkətin fəaliyyətinin müntəzəm monitorinqinə və qiymətləndirilməsinə imkan verən hesabatlılıq sistemini yaratmaq, normativ hüquqi aktlarda başqa qayda nəzərdə tutulmadığı halda, Şirkətin maliyyə və digər hesabatlarının formasını təsdiq etmək və təqdim edilməsi müddətlərini müəyyənləşdirmək;
5.5.16. Şirkətin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı monitorinq aparmaq və onun nəticələrinə əsasən tədbirlər görmək;
5.5.17. Şirkətin müstəqil auditorunu müəyyən etmək, bununla bağlı müqavilənin bağlanmasına, onun dəyişdirilməsinə və ona xitam verilməsinə razılıq vermək;
5.5.18. Audit Komitəsinin, daxili audit bölməsinin və müstəqil auditorun yoxlamalarının nəticələrinə dair tədbirlər görmək;
5.5.19. mənfəətin və zərərin bölgüsünü, illik hesabatları və maliyyə hesabatlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək;
5.5.20. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Şirkətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
5.5.21. Şirkətin filial və nümayəndəliklərini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
5.5.22. bu Nizamnamə ilə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə, habelə Müşahidə Şurası haqqında AİH-nin təsdiq etdiyi əsasnamə ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
5.6. Müşahidə Şurası özünün səlahiyyətlərinə aid edilmiş məsələlərin həllini Şirkətin İdarə Heyətinə həvalə edə bilməz.
5.7. Şirkətin Müşahidə Şurasının üzvləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər. Müşahidə Şurası üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi AİH-nin təsdiq etdiyi qiymətləndirmə sisteminə uyğun olaraq həyata keçirilir.
5.8. Müşahidə Şurasının sədri 3 (üç) ayda bir dəfədən az olmayaraq Müşahidə Şurasının iclasını çağırır və iclaslara sədrlik edir.
5.9. Müşahidə Şurasının iclaslarının keçirilməsi təşəbbüsü ilə Şirkətin Ümumi Yığıncağı, Müşahidə Şurasının üzvü və ya İdarə Heyətinin rəhbəri – Şirkətin prezidenti çıxış edir.
5.10. Müşahidə Şurasının iclasları onun üzvlərin bilavasitə iştirakı ilə əyani formada, informasiya texnologiyalarından istifadə etməklə distant formada, üzvlərin bilavasitə iştirakı olmadan qiyabi formada, yaxud qarışıq formada keçirilə bilər.
5.11. Müşahidə Şurasının iclasının gündəliyi iclasa ən azı 2 (iki) həftə qalmış korporativ katib vasitəsilə tövsiyələrin hazırlanması üçün AİH-yə göndərilir. AİH iclasa ən azı 1 (bir) həftə qalmış gündəliyə daxil edilmiş hər bir məsələyə dair tövsiyələrini hazırlayıb Müşahidə Şurasına göndərir.
5.12. Müşahidə Şurasının üzvlərinə, AİH-yə və iclasa dəvət olunmuş Şirkətin prezidentinə və digər şəxslərə iclasın keçiriləcəyi yer və vaxt (distant formada keçirilən iclaslara münasibətdə iclasın keçiriləcəyi vaxt), habelə AİH-nin tövsiyələri ilə birlikdə gündəliyə daxil edilmiş məsələlər barədə korporativ katib iclasa ən azı 1 (bir) həftə qalmış, zəruri sənədləri əlavə etməklə yazılı məlumat verir.
5.13. Müşahidə Şurasının əyani və distant formada keçirilən iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə, qiyabi formada keçirilən iclasları isə üzvlərin yarıdan çoxu səsvermə bülletenlərini imzaladıqda səlahiyyətlidir. Müşahidə Şurasının əyani və distant formada keçirilən iclaslarına Müşahidə Şurasının üzvü olmayan şəxslər də dəvət oluna bilərlər.
5.14. Müşahidə Şurasının iclaslarında qərarlar aşağıdakı qaydada qəbul olunur:
5.14.1. Müşahidə Şurasının əyani və distant formada keçirilən iclaslarında qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir;