Aqşin Yenisey yazır...
Yunqun arxetip anlayışını bir az bədiiləşdirsək belə deyə bilərik ki, hər bir yeni doğulan körpənin varlığında sakinləri arxetiplər olan qədim bir cəmiyyət doğulur. Körpə böyüdükcə ətraf mühitin köməkliyi ilə o arxetiplərdən birini seçib öz bədənində canlandıracaq. Bəlkə də, ruh dediyimiz gizli kimliyimiz də elə budur: arxetipimiz.
Hər birimiz bir arxetipin bədəniyik.
Heraklın on iki qəhrəmanlığı insanlığın verdiyi ilk imtahanlardan idi. Herakl bu sınaqlardan sağ çıxmasaydı, insan təbiət güclərini təmsil edən klassik tanrıların köləsi olaraq qalacaqdı.
Herakl mifinə görə, azadlıq, Sartrın dediyi kimi, insanın anadangəlmə halı, yaxud haqqı deyil, onun qəhrəmanlığının mükafatıdır! İnsan arxetiplərin dustağı olaraq doğulur və yalnız qəhrəmanların azad yaşamaq haqqı var.
Yüz iyirmi il bundan əvvəl ilk dəfə Yunq dedi ki, insanın gerçəkliyini yaradan fərdi şüuraltıdan gələn duyğular, əmrlər deyil, daha dərindən, kollektiv şüuraltıdan gələn qədim atanın oyanışıdır. Yunq bu “ataya” arxetip deyir.
“Hər birimizin həyatının böyük bir hissəsi alt şüurda keçir” – deyir Yunq. Yəni insan varlıq olaraq “Underground”dur. Nitsşe bizi çox mazata mindirir “Übermensch” (“üstinsan”) adlandırmaqla.
Biz öz arxetipimizi tanıyaraq, üzə çıxararaq özümüzü yarada, qüsurlarmızı aradan qaldıra, yaxud onları xarakterimizə çevirə bilərik. Yunqun psixiatrik təlimi bunun üzərində qurulub. Əksər hallarda isə arxetipimiz gündəlik həyatda şüursuz olaraq üzə çıxır və bizim xarakerimizi müəyyən edir. Bizdən ya qəhrəman düzəldir, ya qorxaq.
Hələ qədim zamanlarda oğlan uşaqları kişilik mərhələsinə qədəm qoyanda onlarda qəhrəman arxetipinin olub-olmamasını üzə çıxarmaq üçün imtahanlar keçirilirdi. Yeniyetmə gənclər ağır fiziki və psixoloji əngəllərin öhdəsindən gəlməliydilər. İndiki “Xüsusi Təyinatlılar”ın təlimləri kimi. Kim bu sınaqlardan uğurla keçirdisə, onlar kişi məclisinə buraxılırdı, kim keçə bilmirdisə, göndərilirdi yeməkxanaya yerkökü qaynatmağa. Oğuzların dastanı “Kitabi Dədə Qordud”da da qəhrəman bu cür imtahan yolu ilə seçilir.
Antik dünyada qəhrəmanlıq kultu bir peşə, bir xidmət sahəsi idi. Qəhrəman mütləq öz əjdahasını axtarmalı, tapmalı və əzişdirməliydi (Yunq). Əjdahasız qəhrəman fısdırınkə hesab olunurdu. Bu gün isə insan məcbur qalmadıqca özünün bir qəhrəman olduğunu bilmir, o, adi vəziyyətlərdə daha çox antiqəhrəman kimi yaşamağa üstünlük verir, xüsusilə sülh dövründə. Dostoyevski buna görə müharibəni sülhdən uca tuturdu. Bu gün yalnız həyati, tarixi zərurət yarandıqda xalqlar özlərinin qəhrəman arxetiplərinə üz tuturlar. Salman Rüşdi yazır ki, Hindistan ehtiyacı olan tarixi qəhrəman sarıdan o qədər kasıb bir ölkədir ki, hind rejissorları bu tarixi boşluğu öz filmlərindəki yoxsul ailələrdən çıxmış fantastik qəhrəmanlarla doldurmağa məhkumdurlar. (Antik və Ortaçağ dünyasında tarixi qəhrəmanlar varlı ailələrdən çıxırdı.) 1806-cı ildən 1947-ci ilə kimi ingilis əsarətində yaşayan hind xalqının öz şüuraltısında kameranın gözü ilə qəhrəman arxetipi axtarması anlaşılandır.
Yaxud “Amerikanın yuxusu” adlandırılan Hollivud, mifoloji, tarixi qəhrəmanlar sarıdan yoxsul olduğu üçün bu ölkənin “fast food” mədəniyyətini modern, texnoloji qəhrəman arxetipləri ilə dolduran nəhəng bir zavod kimi işləyir.
44 günlük ədalətli Vətən müharibəsi zamanı Azərbaycan xalqının içindən gözlənilmədən o qədim qəhrəman arxetipi üzə çıxdı. Tarixin ən həlledici məqamlarında Xızır kimi özünü yetirən, bizi ölüm-qalım anında tək qoymayan o ölməz milli enerji! Öz külündən yaranan Zümrüd quşu bir daha sübut etdi ki, həmişə oddan kül törəmir, lazım gələndə küldən də od törəyə bilir. Yeri gəlmişkən, Xızır da türk xalqlarının xilaskar arxetipidir. Sən oğluna başqa xalqların sırıdığı arxetipləri deyil, Xızırı tanıt, qalanı ilə işin yoxdur.
Qəhrəmanlıq barədə bu qədər. Yazının mətləbinə yönəlməyin vaxtıdır. Vətən müharibəsindən sonra sosial şəbəkələrdə ard-arda ordu haqqında neqativ xəbərlərin bir ucdan tirajlanmasının gerçəklik və bir təsadüf olmadığını çoxları bilir. Bu cür neqativ məlumatların yayılması həqiqi müharibədə qazanılan qələbənin psixoloji qisasıdır. Hitlerin hərbi ideoloqları bu cür neqativ xəbərləri İkinci Dünya müharibəsində iki il yarım mühasirədə qalsa da təslim olmayan Leninqrada təyyarə ilə səpirdilər.