Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin sabiq rəisi Niyaz Məmişova görə həbsdə olan Əlisultan Yüzbəyovun anası deyir ki, oğlu illərdir heç bir günahı olmadığı halda cəza çəkir.
Söhbət sabiq idarə rəisinin özünün, nəvələrinin, qardaşı Tərlan Məmişovun öldürülməklə, oğurlanmaqla hədələnməsindən, onlardan pul tələb olunmasından gedir. Bu cinayət işinə görə üç nəfər həbs olunub ki, biri də Yüzbəyov idi. Mayın 6-da Ali Məhkəmə onun işinə baxıb, cəzasını 10 ildən 6 ilə endirib. Amma Gülşən Səmədova iddia edir ki, oğlu, ümumiyyətlə, heç bir cinayət törətməyib.
Bu cinayət işi üzrə üç nəfər cəzalandırılıb. Digər iki nəfər isə Əlisultanın əmisi oğlu, Xudatda kompüter və telefon ustası işləyən Emil Yüzbəyov, həmçinin Məmişovlar üçün evlərin tikintisiylə məşğul olan Zaur Hüseynov olub. Cinayət işinin materiallarında iddia olunur ki, bu üç nəfər qrup halında əvvəlcədən razılaşaraq plan qurub. Plan əsasında Əlisultan həyat yoldaşının köhnə telefonunu əmisi oğluna, o da Zaura verib. Zaur da 2017-ci ilin sentyabrında telefonu götürüb Dağıstana gedib, oradan xarici nömrə ilə Baş Prokurorluğun şöbə rəisinə zəng edərək onu hədələyib, əvvəlcə 200 min, daha sonra 1 milyon manat pul tələb edib.
Lakin Hüseynov ifadəsində bildirib ki, Niyaz Məmişov Nabranda həm özü, həm də keçmiş Baş prokuror Zakir Qaralov üçün ev tikdirib. Həmin tikintilərdə iş icraçısı da o olub. Sonuncu tikintinin xeyli pulunu ödəməyib: "Mən də tikinti materiallarını mağazalardan nisyə almışdım. Adamlar pullarını tələb edirdilər. Mən də bundan pulu ala bilmirdim ki, aparıb camaatın pulunu verim. Başıma oyun açdı. Ona görə acığımdan belə elədim...".
Hüseynov deyirdi ki, Xudatda kompüter və telefon ustası kimi tanıdığı Emilin yanına gəlib ondan köhnə telefon istəyib, nə üçün lazım olduğunu deməyib. Əlisultanı isə, ümumiyyətlə, tanımır.