Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda, ticarət məkanlarında cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakinləri Dilşad Ağammədova və bacısı Fəridə saxlanılıblar. Onların ətraflarında həyata keçirilən tədbirlərlə bu şəxslərin ayrı-ayrı vaxtlarda paytaxt ərazisində fəaliyyət göstərən müxtəlif marşrut xəttləri ilə hərəkət edən avtobuslarda, həmçinin ticarət obyektlərində 10-a yaxın şəxsin cibindən pul, mobil telefonlar və digər qiymətli əşyalar oğurladıqları məlum olub.
Qeyd edək ki, hər iki bacı ifadələrində cibgirlik edən zaman kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiklərini bildiriblər. Onların törətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. D.Ağammədova və F.Ağammədova cibgirlik yolu əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra həmin əşyaları və içində olan sənədləri tulladıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarını qeyd ediblər.