Baş Prokurorluq tərəfindən saxlanılan Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri məhkəmə qarşısına çıxarılıb.
Pravda.az xəbər verir ki, istintaq orqanı Binəqədi rayon məhkəməsinə təqdimat verərək Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib.
Məhkəmənin qərarı ilə Aydın Eylazov barəsində 2 ay, Elmar Mirzəyev və Emin Xəlilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Əldə etdiyimiz məlumata görə, A.Eylazov neft sənayesi sahəsində istifadə olunmaq məqsədilə xaricdən Azərbaycana gətirilən qayıq üçün verginin ödənilməməsində ittiham edilir. Belə ki, özəl şirkətlərdən biri iki qayığı icarəyə götürərək Azərbaycana gətirib istifadə edib geri qaytarmalı imiş. Bunun üçün də vergi ödənilməsi nəzərdə tutulur. Şirkətin nümayəndəsi bəyannamə imzalayaraq vergini ödəyəcəyi barədə öhdəlik götürüb. Lakin qayıq Azərbaycanda istifadə olunsa da, vergi ödənilməyib.