Bəzi media orqanlarında haqqımda yayılan görüntülər saxtadır və mənə qarşı həyata keçirilən böhtan kampaniyasıdır. İyirmi səkkiz il mayın 18-ni Laçının işğal günü kimi qeyd edən xalqımız Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir. Mənim də iştirakım olmaqla Güləbird kəndində tədbir təşkil olunub. AZTV-nin, ARB-nin, Real TV-nin əməkdaşları da reportaj hazırlamaq məqsədilə orada olublar. Bununla yanaşı həmin tədbirdə Qarabağ qaziləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, eləcə də Laçın rayonundan olan sakinlər də iştirak ediblər.
Pravda.az-ın məlumatına görə, bu sözləri 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə haqqında yayılan informasiyalara münasibət bildirərkən deyib.
M.Abbaszadə Laçın rayonunun Güləbird kəndinin Humay adlı şəhidinin olmadığını bildirib: “Məlum olduğu kimi, 29 il idi ki, hər il Azərbaycan xalqı mayın 18-ni Laçın rayonunun işğal günü kimi qeyd edirdi. Lakin ötən ilin payızında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuz torpaqlarımızı işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Bu gün artıq bütün işğal günləri tarixin arxivinə göndərilib və Azərbaycan xalqı mayın 18-ni erməni tapdağından edilmiş Laçında qarşılayır.
Lakin Laçından qürur və xatirələr dolu reportajların yayıldığı bir vaxtda bəzi internet resurslarında Laçına səfər etmiş bir qrup insanla bağlı böhtan xarakterli məlumatın yayılması böyük təəssüf doğurur.
Yayılmış məlumatda Laçınla bağlı çəkilişlər etmək üçün Güləbird kəndinə səfər etmiş rəsmi şəxslərin guya orada kef məclisi qurması, üstəlik guya şəhidin adı verilmiş bulaqda spirtli içki soyutması barədə absurd iddialar yer alıb və guya, bunu sübut edən fotolar dərc edilib.