Azərbaycanda faydalı qazıntılar sahəsində özbaşınalıq hökm sürür. Son vaxtlar ictimaiyyətdə bu sahənin istehsalı ilə bağlı xoşagəlməz məlumatlar yayılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mətbuata verdiyi açıqlamaya görə mütəmadi olaraq neqativ hallara qarşı nəzarət və mübarizə tədbirləri həyata keçirirlər. Kəlbəcər, Ağdərə, Bərdə və Tərtər rayonları ərazisindən axan Tərtərçaydan qum və çınqıl istehsalı zamanı normativlər pozulur.
İddiaya görə yerli icra hakimiyyətləri müvafiq Agentliyin icazəsi olmadan Kür çayının sol qolu hesab olunan Tərtərçaydan qum və çınqıl istehsalını həyata keçirir. Üstəlik bu işləri qeyri-qanuni qaydada görən Tərtər və Bərdə icra hakimiyyətləri yer təkindən əldə etdikləri qazıntıya görə külli miqdarda qazanc əldə edirlər. Maraqlısı isə odur ki, sözügedən istehsala icazə verən icra stukturları Tərtərçaydan gil-qum çıxaran şirkətlərə bununla bağlı nə sənəd verir, nə də istehsal prosesinin mexanizminə və tələblərinə nəzarət edir. Nəticə etibarilə isə ekaloji tarazlıq pozulur.
Məlumata görə Tərtərçaydan qum, gil və ya çınqıl çıxarılarkən çayın dibinə 5 metr enmək lazım olduğu halda, 30-40 metr dərinlikdə daxil qazma işləri aparılır. Bundan əlavə həmin çay üzərində suvarma, enerji məqsədləri üçün Sərsəng və Suqovuşan su anbarlarının mövcudluğu çaydan çıxarılan qum, gil və çınqılın yenidən bərpa olunmasına imkan vermir.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov saytımıza açıqlamasında deyib ki, təbiətə müdaxilə yolverilməzdir:
“Heç kəsin ixtiyarı yoxdur ki, çaya müdaxilə etsin və məcrasını pozsunlar. Çaydan qum, çınqıl çıxaranda və məcrası pozulanda kəndləri su basır.
Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu işləri görməyə icazə verməməlidir. Amma indi XXI, kommersiya və müdiriyyət əsridir. Hər şeyi alırlar və pulla satırlar. Tərtərçaydan da qum və gilin daşınmasına yerli icra hakimiyyətləri imkan verir. Bakıda oturub ora sərəncam verə bilməzlər. Hər rayonun özünün ağası var”.
Ekspert çaydan gil, qum və çınqılın daşınmasının ekoloji problemlərə yol açdığını da vurğulayıb:
“Birincisi, çayın məcrası dəyişir, sel və ya daşğın cayın məcrası ilə getmir, kəndləri su basır. İkincisi, əgər çaya müdaxilə edilirsə, demək ki, yaşıllıq məhv olunur ki, ora daxil olmaq mümkün olsun. Üçüncüsü isə, buxarlanmanın qabağı kəsilir”, deyə Telman Zeynalov əlavə edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyin rəhbəri Samir Qurbanovun sözlərinə görə yerin təkindən istifadə ilə bağlı icazə sənədini təmsil etdiyi Agentlik verir:
“Yerin təkindən istifadə etmək hüququ qazanmaq istəyən hər bir şəxs Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliklə birgə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət etməklə hərraclarda iştirak edə bilərlər. Biz artıq bu proseslərə başlamışıq. Respublikanın tarixində ilk dəfə olaraq bu ildən etibarən yerin altına olan münasibətdə faydalı qazıntı yatağından istifadə etmək hüququ yalnız hərrac və ya müsabiqə yolu ilə keçirilir. Sahibkarlar açıq hərracda iştirak edirlər və rəqabətli mühitdə yer təkindən istifadə etmək hüququ qazanırlar. Bununla da onlar icazə sənədi əldə etmiş olurlar”.
Samir Qurbanov qeyd edib ki, Agentlik Nazirliyin digər qurumları ilə birgə yerlərdə mütəmadi monitorinqlər də təşkil edir: