Rusiyanın “RİA Novosti” xəbər agentliyi öz əməkdaşının Hadrut bölgəsinə səyahəti haqqında “Qarabağın Cənub Qapısı” başlıqlı geniş məqalə yayımlayıb.
Agentliyin müxbiri Qaliyə İbrahimova Hadrut səfərindən əvvəl Maştağa kənd sakini, birinci Qarabağ müharibəsi zamanı oğlunu itirən etnik erməni Mariya Əliyeva-Karapetyanı ziyarət edib.
“Böyük oğlum Samir birinci Qarabağ münaqişəsində, Füzuli, Xocavənd və Hadrut uğrunda döyüşlərdə şəhid olub. On doqquz yaşındaydı. Əgər o yerlərdə olsanız, mənə heç olmasa oğlumun xatirəsinə kiçik bir daş parçası gətirərsiz” , - deyə Karapetyan bildirir.
Erməni qadının yaşı artıq yetmişi keçib. Şəhid oğlu barədə danışmaq onun üçün heç də asan deyil.
“Uşaqlıqdan Samir hərbçi olmaq arzusunda idi. Dərsdən sonra qaçaraq gəldi, məni qucaqladı və dedi ki, ana, mən böyüyəcəyəm, əsgər olacağam və səni qoruyacağam. Naxçıvanski adına hərbi məktəbə daxil oldu. İlk Qarabağ müharibəsi zamanı orduya çağırıldı və beləcə öldü”, - deyə o xatırlayır.
Məqalədə bildirilir ki, Qarabağ müharibəsi Mariya Yeqorovna üçün şəxsi faciədir. O ermənidir, amma demək olar ki, bütün ömrünü Bakıda yaşayıb. Valideynləri 1956-cı ildə Altay bölgəsindən Azərbaycana köçüblər. Repressiya üzündən qohumları Sibirdə qalıb.
“Babam Gorusda nəhəng evini qoyub ailəsilə Sibir buzlaqlarına köçüb. Birinci Qarabağ müharibəsindən əvvəl Bakıda böyük bir erməni diasporu var idi. Əmim valideynlərimi bura çağırmışdı. Bakı Odessadan sonra SSRİ-də ikinci beynəlmiləl şəhər idi. Kim yox idi ki burada?! Azərbaycanlılar, ermənilər, ləzgilər, talışlar, ruslar... Hansı millətin nümayəndəsi olduqlarını soruşduqda isə cavab “bakılı” olurdu”, - deyə Karapetyan bildirir.
Bir müddət sonra Mariya Yeqorovna azərbaycanlı ilə ailə qurur.
“Yoldaşımın valideynləri həmişə erməni gəlininin ən gözəl və sevimli olduğunu deyirdilər. Onlardan bir dənə də pis söz eşitməmişəm. Dörd övlad dünyaya gətirmişəm”, - deyə erməni qadın qeyd edir.