AMEA Tarix İnstitutunda 2021/2022-ci tədris ilində ölkənin dövlət ümumtəhsil müəssisələrinin şagirdləri üçün yeni və təkmilləşdirilmiş dərslik komplektlərinə (dərslik və metodik vəsait) dair ictimai rəyin öyrənilməsi çərçivəsində təqdim olunan dərsliklər üzrə (www.trims.edu.az) müvafiq komissiyalar yaradılıb.
İnstitutdan verilən məlumata görə, VI sinfin Ümumi tarix dərsliyi üzrə (Ağalarov P., Quliyev N., Qasımov E., Hüseynov E. “Ümumi tarix”. VI sinif üçün dərslik) irad və təkliflərin bildirilməsi üçün yaradılmış komissiya (Qədim dövr tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent A.Əlimirzəyev və Orta əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent T.Nəcəfli) tərəfindən həmin dərslik üzrə aşağıdakı elmi səhv və qüsurlar müəyyən olunub:
1. Dərslik layihəsinin “Mündəricat” səhifəsində Qədim Şərq sivilizasiyası bölməsində təqdim olunan illüstrasiyaların demək olar hamısı Misirlə bağlıdır. Qədim Şərq sivilizasiyası yalnız Misirdən ibarət deyildir. Buna görə də müəyyən dəyişiklik edilməsi vacibdir.
2. Dərsliyin “Tarixdə il hesabı” adlanan 1-ci paraqrafında (səh. 6-da) insan cəmiyyətinin 4 tarixi dövrə ayrıldığı və hər bir tarixi dövrə uyğun inkişaf mərhələsini (ibtidai icma, quldarlıq, feodalizm və kapitalizm) keçdiyi bildirilir. Müəlliflər bu bölgünün hansı əsasa dayandığını şagirdlərə çatdırmağa borcludurlar. Həmçinin, yaxşı olardı ki, onlar bəşəriyyətin digər inkişaf yolları barədə fikir bildirməklə şagirdlərə müqayisə aparmaq imkanı versinlər.
3. Səh.7. I Daranın Bisütun kitabəsindən barelyefin fraqmenti verilir, lakin şəklin altında səhvən “e.ə. III minilliyə aid epiqrafik yazı” ifadəsi yazılıb.
4.Birinci paraqrafda səh. 8-9-da təqdim olunan il hesabı cədvəlini e.ə. I minillikdən yox, e.ə. IV minlikdən başlayıb eramızın I minilliyində qurtarmaq lazımdır. Çünki qədim tarix heç də təqdim olunduğu kimi eramızın II minilliyinə kimi davam etməmişdir.
5.“İbtidai cəmiyyət” adlanan II paraqrafda səh 10, 14-də paleolit, mezolit və neolit anlayışları verilmişdir. Yaxşı olardı ki, həmin anlayışların izahı - yunan sözü olması diqqətə çatdırılsın.
6.“İbtidai cəmiyyət” paraqrafında müəlliflər standartlarda öz əksini tapmış mühüm amili – fənlərarası əlaqəni unutmuşlar. Əgər belə olmasa idi, onlar ən azından sual və tapşırıqlarda Azərbaycanla dünyanın qədim yaşayış yerlərinin müqayisəsini aparmağı şagirdlərə çatdırardılar.
7.Səh.11-12. Homo habelis ilə (bacarıqlı) Homo Sapiens arasında (ağıllı insan) Homo erektus (düz yeriyən insan) mərhələsi yaddan çıxıb.
8.Səh.14. Tayfa təkcə eyni dildə danışan, ümumi adət-ənənəyə malik olan bir neçə qəbilənin birləşməsi deyil, o həm də vahid arxeoloji mədəniyyəti ehtiva edir.
9.“Şumerlər” yox, “Şumerlilər” yazmaq lazımdı.
10.Səh. 17-də təqdim olunan “Dövlətin sxemi”ndə nədənsə dövləti qorumalı olan əsgərlər unudulub.
11. “Ehramlar ölkəsi” adlı 3-cü paraqrafda səh. 20-də mətndə papirusdan danışılmadığı halda papirusun izahı verilib. İzahedici mətndə papirusun qalın gövdəli, hündür olduğu qeyd olunur, lakin təqdim olunan təsvirdə bu öz təsdiqini tapmır.
12.Həmin paraqrafda səh. 21-də təqdim olunan Tutanxamonun maskasının mətnlə heç bir bağlılığı yoxdur. Səhifənin sonunda təqdim olunan illüstrasiyanın isə adı yoxdur.
13.Səh. 22-də mətndə Aşağı Misir, Yuxarı Misir və Vahid Misir hökmdarları və onların tacları barədə heç bir məlumat verilmədiyi halda, onların taclarının təsviri təqdim olunmuşdur.
14.Səh. 23-də verilmiş illüstrasiyanın adı yoxdur.
15.Səh. 23-də Ehramların tikintisini əks etdirən illüstrasiya qoyulsa da, mətndə ümumiyyətlə ehramlar barədə heç bir məlumat verilmir.
16.“Ehramlar ölkəsi” paraqrafında müəlliflər standartlara düzgün riayət etməyiblər. Belə ki, səh. 21-də bir sual və iki tapşırıq verilsə də, digər səhifələrdə nə sual, nə də tapşırıqlar verilməmişdir.
17. Səh. 24-də Sülalənin izahı aydın deyil. Tərcümə olunduğu aydın hiss olunur.
18. “Misir mədəniyyəti” adlanan 4-cü paraqrafda səh. 26-da Misirdə din haqqında bəhs olunur. Mətndə Ra Tanrısının adı çəkilməsə də, onun təsvirini əks etdirən illüstrasiya təqdim olunması nə dərəcədə doğrudur?
19.“Şumerdən başlayan tarix” adlı 4-cü paraqrafda səh. 30-31-də təsvir olunan xəritədə Assuriya yazılsa da, paytaxt kimi Aşşur qeyd olunub. Əslində hər ikisi Aşşur kimi yazılmalıdır.
20.Səh. 30-da son abzasda uyğunsuzluq var, fikir aydın deyil.
21.“Şumer mədəniyyəti” adlanan 5-ci paraqrafda səh. 36-da gil lövhə üzərində şəkli yazı nümunəsi kimi təqdim olunan illüstrasiya səh. 31-də də olduğu kimi verilib və ad göstərilməyib.
22.Səh.36. Şumer yazısında “ulduz” işarəsi “tanrı” ilə yanaşı “səma” anlamını daşıyırdı. “Cənnət” yox.
23.Səh. 38-də “Lehimləmə” anlayışının verilmiş izahı tamamilə yanlışdır. Görəsən müəlliflər iki metal əşyanı qızdırmaqla necə birləşdirə bilərlər.
24.“İki çayarasının digər dövlətləri” adlanan 5-ci paraqrafda səh. 40-41-də verilmiş xəritə olduğu kimi səh. 30-31-də verilmiş xəritənin təkrarıdır.
25.Səh.40. Babil şəhəri şumercə “Kadingir” yox, “Kadingirra” adlanırdı.
26.Müəlliflər heç bir Şumer şəhər-dövlətlərinin adlarını (məsələn Kiş, Uruk, Ur, Umma, Laqaş, Larsa, İsin və s.) çəkmirlər.
27.Həmin paraqrafda səh. 43-də təqdim olunan illüstrasiyanın adı yoxdur.