Azərbaycanda 2019-cu ildə maaşlar 15%-dən çox artıb.
Pravda.az xəbər verir ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4% artaraq 623,1 manat təşkil edib. 2018-ci ildə orta aylıq əməkhaqqı 540,1 manat olmuşdu.
2019-cu ildə dövlət sektorunda orta aylıq əməkhaqqı 516,5 manat təşkil edib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 20% artım deməkdir.
Özəl sektorda isə ötən il orta maaş 759,7 manat olub. Bu 2018-ci illə müqayisədə 10,5% artıqdır. Xatırladaq ki, 2018-ci ildə özəl sektorda ümumi orta aylıq əməkhaqqı 687,7 manat, dövlət sektorunda isə 430,5 manat təşkil etmişdi.
2019-cu ildə əməkhaqqı neft-qaz sektorunda 3 059,7 manat, qeyri neft-qaz sektorunda 568 manat təşkil edib.
2018-ci ildə isə əməkhaqqı neft sektorunda 3 000,7 manat, qeyri-neft sektorunda 484 manat təşkil etmişdi.
Başqa sözlə, 2019-cu ildə neft-qaz sektorunda əməkhaqqı 2% artdığı halda, qeyri-neft sektorunda 17,4% artıb.
2019-cu ildə özəl sektorda çalışanlar arasında ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində olub - 3 941,1 manat.