Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici ölkələrin ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən Azərbaycan Respublikasının vətəndaşlarının müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində mübarizə tədbirlərini davam etdirir.
Pravda.az-ın DTX-nın saytına istinadən verdiyi məlumata görə, aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı 1986-cı il təvəllüdlü Camalov Orxan Tofiq oğlunun 2014-cü ildə ölkə hüdudlarını tərk edərək “İŞİD” terror təşkilatının Suriyadakı silahlı qruplaşmasına daxil olması, həmin qanunsuz birləşmənin tərkibində fəaliyyət göstərməsinə dair əldə edilmiş məlumatlar əsasında əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir.
Əvvəllər Orxan Camalov Zaqatala rayon sakini İlqar Mollaçiyevin rəhbəri olduğu “Meşə qardaşları” adlı qanunsuz silahlı birləşmənin üzvlərinin ölkə ərazisində terror-təxribat aktları törətmək niyyətlərinin qarşısının alınması məqsədilə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvana baxış keçirilərkən əl qumbaraları və müxtəlif çaplı patronlar aşkarlandığına görə müvafiq cinayət işi üzrə məhkum olunmuşdur. Orxan Camalov azadlığa çıxdıqdan sonra “Hanzala” ləqəbli Şamil adlı şəxsin dəvəti və köməyi ilə 2014-cü ilin avqust ayında Türkiyə Respublikasına, oradan isə qanunsuz yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçərək həmin dövlətin Rakka şəhərinə getmişdir. Orxan Camalovun orada “İŞİD” terror təşkilatına tabe olan “Azəri camaatı” adlı qanunsuz silahlı birləşməyə qoşulmasına, həmin cinayətkar qrupun tərkibində təlimlərdə və silahlı münaqişələrdə iştirak etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.