“Heç bilmədim ki, koronovirusa harada və necə yoluxdum. Virusa oğlum Kərimlə birlikdə yoluxmuşdum. Mən xəstəliyi çox ağır keçirdim, səhhətim heç yaxşı deyildi. Heç umidim yox idi ki, sağalım, ciyərlərimin 75-i buzlu şüşə idi. Düz 21 gün reanimasiyada qaldım, bu günlər ərzində yatmamışam, nəfəs ala bilmirdim. Bir az babat olandan sonra həkimlər mənə dedi ki, heç ümidimiz yox idi ki, səni sağalda bilək. Demək ki, qismətimdə ölüm yox imiş. Allaha o qədər yalvardım ki. Dedim ki, Allahım, yaşamaq istəyirəm, balalarımdan, ailəmdən, qohumlarımdan, dostlarımdan doymamışam. Xalqımızın, məni sevən insanların duaları məni yaşatdı. Gözəl Allah bütün duaları eşitdi. İnanın ki, hələ də şokdayam, inana bilmirəm, elə bilirəm ki, yuxudayam. 5 gündür ki, xəstəxanadan çıxmışam, bacım Təranə də yanımdadır, mənə qulluq edir”. Pravda.az xəbər verir ki, bunu Moderator.az-a özəl açıqlamasında koronovirusdan sağalan əməkdar artist Mətanət İsgəndərli deyib. Sənətçi daha sonra əlavə edib.
“Xəstəlikdən sonra bildim ki, dünyada boğulmaqdan pis bir şey yoxdur. Bu çox təhlükəli, gözəgörünməz bir xəstəlikdir. Elə insanlar var ki, yüngül keçirir, amma mən çox ağır keçirdim. Yanımda yatan xəstələrdən ikisi canını tapşırdı, təsəvvür edirsiz?! Ölüm həqiqətən də gözlə qaş arasındadır. Allah mənə rəhm etdi. Ən dəhşətlisi də budur ki, qərib ölkədə, heç kim yanında yoxdur, tək-tənha dünyanı dəyişirsən. Bircə bundan qorxurdum! Bu dəhşətli idi, o anı heç nə ilə izah edə bilmərəm. Allaha yalvarırdım ki, qoyma burada ölüm, mənə güc ver gedib vətənimdə, doğmalarımın, əzizlərimin, sevənlərimin yanında ölüm. Mən iyulun 16-da doğulmuşam, heç ad günlərimi keçirməyi sevmirdim, çox vaxt keçirmirdim də. Amma hər il may ayının 20-ni dünyaya yenidən gəldiyim gün kimi qeyd edəcəyəm. Arif Quliyevin ölüm xəbərini mənə demədilər ki, pis olaram. Xəstə-xəstə onun üçün o qədər dualar etdim ki. Sonra gördüm ki, səs-soraq yoxdur, bildim ki, nəsə olub. Baloğlan Əşrəfovun ölümünü bilirdim. Allah bu iki gözəl insanın ruhunu şad etsin, ailələrinə baş sağlığı verirəm. Anam, atam evdə müalicə oluğuduğu üçün fikirləşdim ki, mən də evdə müalicə oluna bilərəm. Amma sən demə məndə xəstəliyin ağır növü olub. Həkimə getməyə gecikdim, bir gün də gec getsəydim bəlkə də dünyada yox idim. Hamısı Allahın qismətidir, kəfəni yırtdım” deyə müğənni bildirib.
Sənətçi oğlunun xəstə yatağında onun qulluğunda durduğunu deyib və kövrəlib.