Bu günlərdə sosial şəbəkələrdə bir foto xeyli müzakirə mövzusuna çevrildi. Milli Onkologiya Mərkəzinin (MOM) qarşısında çəkilən foto bu xəstəxanaya üz tutan insanların çoxluğu ilə yanaşı, mərkəzdə xəstələrə olan münasibəti, qanunsuz ödəmə tələblərini, korrupsiyanı özü ilə bərabər gündəmə daşıyıb. Bir sıra müzakirələrdə isə daha çox MOM-un direktor müavini, Milli Məclisin deputatı, əczaçılıq sahəsində bir neçə böyük şirkətin sahibi kimi tanınan Kəmaləddin Qafarovun adı hallanır. Deputatın adının hallanması da səbəbsiz deyil. Onun hüdudsuz dərman ticarəti şəbəkəsinə sahib olması bu müzakirələrə yol açan əsas amildir.
K.Qafarovun ən böyük dərman firması “AZERİMED”dir. "AZERİMED" (VOEN 1500072561) 2004-cü ildə təsis edilib. Kəmaləddin Qafarovun ailəsi həmçinin “Kanon” MMC, “Mega Pharmacy” MMC, "AZERİMED MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmasına nəzarət edir.
YAP-ın 9 saylı Binəqədi II seçki dairəsindən deputatı, Milli Onkologiya Mərkəzinin baş direktor müavini Kəmaləddin Qafarovun biznes şəbəkəsi ilə bağlı mediada mütəmadi olaraq məlumatlar yayılıb. Bunlardan ən ətraflısı araşdırmaçı jurnalist Cavanşir Həsənli tərəfindən bir müddət əvvəl ictimailəşdirilmişdi. Jurnalist araşdırmasında kommersiya qurumlarının dövlət reyestri məlumatları əsasında K.Qafarovun ailə şirkətlərinin bəziləri haqqında məlumatları üzə çıxarmışdı. Məlum olmuşdu ki, “AZERİMED” K.Qafarovun baş direktor müavini olduğu MOM-un şübhəli tenderlərində aktiv tərəfdaşdır: “Bu, həmin şirkətdir ki, onkoloji xəstələrin dərisini şişindən çıxaran, dərmanından bintinədək gərəkli bütün ehtiyacları xəstələrin özlərinə qarşılatdıran Milli Onkologiya Mərkəzi dövlətin on milyonlarla manat vəsaitini tibbi sifarişlər adı altında bu şirkətə yönəldir.
Təkcə 2019-cu il fevralın 19-da MOM və “AZERİMED” arasında müqavilənin məbləği 10 milyon 200 min manat olub. Bundan bir qədər əvvəl, 2018-ci il avqustun 3-də bağlanmış müqavilənin də həcmi 10 milyon 120 min manat təşkil edib. Maraqlıdır ki, bu məsələ ictimailəşdikdən sonra ötən il MOM-un tenderlərində ilin əvvəlində yeni yaradılmış, yaxud da artıq ləğv edilmiş şirkətlər “qalib gəlməyə” başlayıb.
“AZERİMED”in qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Amma şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155-dir. Məhz bu ünvanda Kəmaləddin Qafarov özü və uşaqları qeydiyyatdadır.
Şirkət ayrıca Əhməd Rəcəbli küçəsindəki “AZERİMED” adlı tibbi marketdə tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir, bütün ölkə boyu şəbəkələşmiş "Zəfəran" apteklərini və "Zəfəran" Hospitalı idarə edir.
Kəmaləddin Qafarovun qeydiyyatda olduğu Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155 ünvanında onun daha bir ailə şirkəti - "AZƏRİ MED-MNK" MMC hüquqi qeydiyyatdadır. Şirkət Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 10 manat nizamnamə kapitalı ilə 2008-ci il martın 11-də qeydiyyata alınıb. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun yaxın qohumu Canilya Qafarova Rəhim qızıdır.
Deputatın kurasiyasında olan daha bir tibbi şirkət "KANON" MMC-dir. MMC 2008-ci il mayın 1-də 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində Səbuhi Abbasov Füqar oğlunun adına rəsmiləşdirilib. Bu şirkətin də hüquqi ünvanı Kəmaləddin Qafarovun qeydiyyatda olduğu Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155-dir. Səbuhi Abbasov əvvəllər Canilya Qafarovanın qanuni təmsilçisi olduğu “AZERİMED” MMC-nin idxal departamentinin direktoru olub. Bu şirkət üzərindən Qafarovlar ailəsi ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən, onlarla apteki özündə birləşdirən “Kanon” şəbəkəsinə sahibdir.