Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov ölkəmizdə Covid-19 pandemiyası ilə bağlı ümumi vəziyyəti şərh edərkən deyib.
"Əhali tam arxayın olmamalı, peyvəndləmə prosesinin iştirakçısına çevrilməli, gigiyenik qaydalara riayət etməlidir"

Deputat bildirib ki, Azərbaycan hökuməti məsələyə həm əvvəl, həm də vaksinasiya mərhələsində operativ reaksiya verdi, müvafiq qabaqlayıcı tədbirlər gördü: "Biz bu prosesdə bir sıra region və dünya ölkələrini qabaqladıq, bir neçə ölkədən vaksin almağa nail olduq. Xatırlayırıq ki, COVAX bizə vaksinləri vaxtında çatdırmasa da, Azərbaycan bir sıra ölkələrdən vaksin almağa davam etdi. Bunun nəticəsidir ki, ölkəmizdə yoluxma sayı kəskin şəkildə azaldı. Həmçinin qeyd edim ki, ölkədə xəstəxanaların tikilməsi, maska ehtiyatının artırılması, kütləvi vaksinləsmə prosesinin dövlət tərəfindən pulsuz təklif olunması və s. tədbirlər dövlətin uğurlu siyasətinin göstəricisidir. Bundan başqa, Azərbaycan yalnız öz vətəndaşlarına deyil, dünyanın 10-dan çox ölkəsinə humanitar yardımlar göstərdi. Yəni biz ölkə daxilində əhalimizi qorumaqla yanaşı, digər ölkələrə də öz dəstəyinizi nümayiş etdirdik".
Həmçinin Covid pasportu ilə bağlı məsələyə münasibət bildirən C.Məmmədov qeyd edib ki, bu, indiki dövrdə həm ölkə daxilində, həm də dünyada vacib hesab olunan sənədlərdən biridir: "Artıq uzun müddətdir ki, Covid pasportu ilə bağlı danışıqlar, müzakirələr gedir. Bildiyimiz kimi, bir sıra ölkələr artıq müəyyən qaydalar formalaşdırıblar ki, həmin ölkələrə getmək üçün pasportların təqdim olunması şərtdir. Bu baxımdan, Azərbaycanda da bir sıra tədbirlərə giriş zamana Covid pasportunun vacibliyi vurğulanıb. Vətəndaşlar bilməlidir ki, bu həm ölkə daxilində, həm də dünyada vacib sənədlərdən hesab olunur. Eyni zamanda bir məsələni də qeyd etmək istərdim ki, Covid təhlükəsi hələ də tam sovuşmayıb. Bu gün gözümüzün qarşısında Hindistan və digər dövlətlərin nümunələri var. Dövlət vətəndaşların ehtiyaclarını da nəzərə alaraq bir çox sahələrdə ciddi yumşalmalar tətbiq etdi, amma əhali yenə də tam arxayın olmamalı, peyvəndləmə prosesinin iştirakçısına çevrilməli, eləcə də gigiyenik qaydalara riayət etməlidir".
Nəzrin Cavid