Yeni Azərbaycan Partiyası (YAP) mayın 25-də "Meydan" TV youtube kanalında feysbukda saxta səhifələrin yaradılması ilə bağlı yayılmış videoda partiyanın ünvanına səsləndirilən ittihamlara münasibət bildirib.
Partiyadan Pravda.az-a bildirilib ki, qərəzli və birtərəfli qaydada material hazırlayan, jurnalistikanın prinsiplərini kobud şəkildə pozan “Meydan TV” partiyanın Mətbuat Xidmətinə müraciət etməyib, iddialarına cavab istəməyib. Bundan başqa, qeyd edilib ki, videomaterialda ictimai fəal Bəxtiyar Hacıyevin əsassız olaraq Yeni Azərbaycan Partiyasının rəhbərliyini ittiham etməsi onun məsuliyyətsiz və qərəzli münasibətinin göstəricisidir.
"Tam məsuliyyətlə bəyan edirik ki, Yeni Azərbaycan Partiyası nəinki “facebook”da, hətta bütün sosial şəbəkə seqmentlərində saxta hesablardan istifadə etmir, üzvləri, fəalları bu işə təşviq olunmur. Bu məsələ ilə əlaqədar “The Guardian” qəzetinin araşdırmasında da “Facebook” şirkətinin məsul əməkdaşı bildirmişdir ki, “facebook”un Azərbaycan platformasında silinən 300-dən artıq saxta səhifənin Yeni Azərbaycan Partiyası ilə hər hansı əlaqəsi tapılmayıb. Bu da sübut edir ki, Yeni Azərbaycan Partiyası sosial şəbəkələrdə saxta hesablardan, eləcə də siyasi rəqiblərinə qarşı “trol xidməti”ndən istifadə etmir.