“Son günlər ölkə gündəmində iki məsələ xüsusi diqqətimi çəkdi. Birinci, Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin ailə üzvünə yarım milyon manatlıq avtomobil alması, ikinci isə, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin oğlunun daxili işlər orqanlarından xaric edilərək, barəsində cinayət işinin başladılması... Ölkədə korrupsiyaya qarşı mübarizə aparıldığı, 10 icra başçısının həbs edildiyi bir ərəfədə Ziyəddin Əliyevin belə bir addım atması sözün həqiqi mənasında olduqca təəccüblüdür. Ya himayədarlarına arxalanaraq açıq formada “mənə heç kim dəyə bilməz” mesajını nümayişkəranə formada cəmiyyətə verir, ya da beyinləri bu qədər işləyir”.
“İcra başçısının oğlu ilə bağlı qətiyyətli addım atılmasını yüksək qiymətləndirirəm” – Partiya sədri
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
A.Şakiroğlu bildirib ki, icra başçısının bu addımına başqa ad tapmaq mümkün deyildir: “İlin günün bu vaxtında korrupsiya və rüşvət hesabına varlanmış oliqarxlar oğurladıqları pulları gizlətdiyi bir zamanda niyə belə edəsən ki? Ümumilikdə götürsək, ortada çox suallar var. Onlardan biri və bəlkə də birincisi 1045 manat maaşla yarım milyon manatlıq avtomobili hansı pulla almasıdır... 1045 manat maaşı 478 ay (və ya 40 il) xərcləmədən toplamaq lazımdır ki, almaq mümkün olsun. Məsələ aydındır. Rüşvət və korrupsiya! 28 May Respublika günündə bu məsələlərə toxunmaq çox çətindir. Amma çətin olduğu qədər də əhəmiyyətlidir. Babalarımız Azərbaycan adlı Cümhuriyyəti qurmadılar ki, bu korrupsioner və rüşvətxorlar məmurlar xalqa qənim kəsilsin. Bu Cümhuriyyət onun üçün quruldu ki, xalqımız dünyanın mütərəqqi dövlətlərinin vətəndaşları kimi azad, şəffaf və inkişaf etmiş bir məmləkətdə yaşasın. Görünən budur ki, Ziyəddin Əliyev və onun kimi icra başçılarına ölkə boyu keçirilmiş antikorrupsiya əməliyyatları dərs olmayıb. Əks halda belə naşı yaramazlığa heç bir halda yol verməzdilər. Eyni zamanda, Ziyəddin Əliyev və onun kimi “arxalarında duranlara” güvənənlər əsas nüansı unudurlar. Unudurlar ki, heç kim toxunulmaz deyil! Hətta güvəndikləri “arxaları” da... Hesab edirəm ki, bütün bu proseslərin fonunda pozitiv hesab ediləcək hallar da var. Bunlardan biri Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin oğlunun daxili işlər orqanlarından xaric edilərək, barəsində cinayət işinin başladılmasıdır. Dəqiq bilirəm, bu nə səbəbdən baş verib. Amma cinayət işi getdiyindən detallıqlara varmadan Daxili İşlər Nazirliyinin rəhbərliyinin belə qətiyyətli addım atmasını yüksək qiymətləndirirəm. Əminəm ki, bu addım dövlət qurumlarında çalışan digər məmur balaları üçün də bir örnək olacaq. Heç kim qanundan üstün deyil. Bütün bunları yaza-yaza bir sual da məni düşündürür: Görəsən öz ailəsində övladına düzgün tərbiyə verməyi bacarmayan biri Füzuli boyda rayona necə rəhbərlik edir?! Bütün bunlar açıq qalmış suallardır”.