Mayın 29-da Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib.
Pravda.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev binanın açılışında iştirak edib.
Ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, bu binanın istifadəyə verilməsi ilə hakimlərin sosial müdafiəsi və məhkəmələrin təminatı yaxşılaşdırılıb, innovativ və rəqəmsal texnologiyaların tətbiqi genişləndirilib. “Elektron məhkəmə” vasitəsilə məhkəmə prosesində video-əlaqə ilə iştirak imkanı yaradılaraq karantin rejimində məhkəmə işlərinə onlayn qaydada baxılması mümkün olub. Bu sistemin tətbiqi ilə digər orqanlarla inteqrasiya hesabına sənədlər ani vaxt rejimində əldə edilir. “Mobil məhkəmə” tətbiqi vasitəsilə isə smartfonla sənədlər və qərarlarla məhkəməyə gəlmədən tanış olmaq, əlavə məlumat təqdim etmək mümkündür. Zallarda quraşdırılan “Femida” sistemi vasitəsilə proseslərin daha dəqiq və sürətlə protokollaşdırılması, audio-video yazısı aparılır.
Diqqətə çatdırıldı ki, digər müasir məhkəmə binalarında olduğu kimi, burada da bina inzibati və ictimai zonalara bölünür. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. İcra məmurları, dövlət ittihamçıları və vəkillər də ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.






