Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

"Bu, Ali Baş Komandanın uzaqgörənliyini, kifayət qədər təcrübəyə malik olduğunu göstərir”

1 007
Paylaş:
"Bu, Ali Baş Komandanın uzaqgörənliyini, kifayət qədər təcrübəyə malik olduğunu göstərir”

“Prezident İlham Əliyevin mayın 28-də baş tutmuş Ağdam səfərini Qarabağa böyük qayıdışın başlanğıcı hesab etmək olar”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Ağdam Xirosima və Naqasaki ilə müqayisə olunur: “Sevindirici haldır ki, indi artıq bu şəhərin Baş Planı təsdiq edilib və dağıntıların üstündə tam müasir standartlara cavab verən "ağıllı şəhər" qurulacaq. Cənab Prezident səfər çərçivəsində bir çox layihələrin təməlqoymasında iştirak etdi, eyni zamanda Ağdam rayonunun ziyalıları ilə görüş keçirdi. Görüş zamanı İlham Əliyev bir çox məsələlərə toxundu ki, onlardan ən önəmlisi də 44 günlük Vətən müharibəsi zamanı Ağdamın azad edilməsinin axıra saxlanılması ilə bağlı idi. Məsələyə aydınlıq gətirən Prezident qeyd etdi ki, əgər biz ilkin olaraq Ağdam istiqamətindən hücuma keçsəydik, itkilərimiz daha çox olardı. Buna görə də, qabaqcadan hazırlanan plan üzrə, Şuşa azad edildikdən sonra əks-istiqamətdə Ağdamın azad edilməsi əməliyyatının davam etdiriləcəyi düşünülmüşdü. Lakin Şuşanın azad edilməsi Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Nəticədə, Azərbaycan böyük qələbə qazandı və imzalanmış üçtərəfli bəyanata əsasən, Ağdam və digər 2 rayonumuz bir güllə belə atılmadan düşmən işğalından azad olundu. Bu proses Ali Baş Komandanın uzaqgörənliyini, düşünülmüş hərbi planı onun kifayət qədər təcrübəyə malik olduğunu göstərir. Əgər bu taktika icra olunmasaydı, ola bilsin ki, bizim şəhidlərimiz də çox olacaqdı".

Azər Badamov bildirib ki, Prezident Ermənistanla bağlı sıra ciddi məsələlərə toxunub, vacib mesajlar ötürüb: "Ağdam ziyalıları ilə görüş zamanı Prezidentin toxunduğu məsələlərdən biri də Ermənistanla bağlı olub. İlham Əliyev bildirib ki, Ermənistan heç zaman müstəqil olmayıb, hər zaman hansısa güclü dövlət tərəfindən idarə olunub. Həmçinin Ermənistanın bugünkü günə düşməsinin səbəbi 30 il müddətində Azərbaycan torpaqlarını işğalda saxlamasıdır. Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi onları böyük faciəyə sürükləyib. Əgər onlar vaxtında danışıqlar yolu ilə bizim torpaqlarımızı tərk etsəydilər, bəlkə də ölkələrindəki böhran bu qədər dərinləşməzdi. Həmçinin cənab İlham Əliyev vurğulayıb ki, bizim mübarizəmiz təkcə faşist Ermənistan dövlətinə deyil, bütün dünya faşizminə qarşıdır. Qeyd etmək istəyirəm ki, bu ölkənin gələcəyi ilə bağlı xoş məqamlar yalnız Azərbaycanla əməkdaşlıqları çərçivəsində ola bilər, başqa yolları yoxdur. Bu gün Ermənistanda revanşist fikirlərin səslənməsinə, təxribatçı meyillərin intensivləşməsinə baxmayaraq, bu, müvəqqəti xarakter daşıyır. Belə vəziyyət Ermənistandakı siyasi böhranla bağlıdır. Ümumiyyətlə, seçkilər başa çatdıqdan sonra Ermənistan rəhbərliyinə təsdiq olunmuş şəxsin üçtərəfli sazişin icra olunmasında maraqlı olacağını hesab edirəm".

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər