Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Mövcud siyasi iradə bu istiqamətdə kifayət qədər qətiyyətlidir” - Deputat

1 109
Paylaş:
“Mövcud siyasi iradə bu istiqamətdə kifayət qədər qətiyyətlidir” -     Deputat

"Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il Sərəncamı ilə Prezident İlham Əliyev ölkədə məhkəmə-hüquq sistemi qarşısında aydın vəzifələr müəyyən etmişdir. Sərəncamla son dövrlər xüsusi ilə intensivləşən və bütün sahələri əhatələyən islahatların ədalət mühakiməsinə də sirayət etməsi üçün faktiki yol xəritəsi formalaşdırılmış, əsas konturlar kimi məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması istiqamətində tədbirlərin gücləndirilməsi konkret hədəflər kimi müəyyənləşmişdir.

Bundan başqa, informasiyalı cəmiyyətin tələblərinə uyğunlaşmaq, habelə, müasir dövrün texnoloji yeniliklərindən məhkəmə hüquq sistemində maksimum faydalanmaq məqsədi ilə müvafiq infrastrukturun yenilənməsi, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməsi mühüm istiqamətlərdən biri kimi müəyyən olunmuşdur.

Göründüyü kimi, cənab Prezidentin tələblərinə və müasir çağırışlara uyğun islahatların aparılması istiqamətində ardıcıl tədbirlərin mühüm hissəsinin realizəsi üçün maddi texniki təminat, o cümlədən yeni tələblərə uyğun məhkəmə binalarının inşası vacib şərt kimi meydana çıxır. Bu mənada post müharibə dövrü reallığı şəraitində Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binasının istifadəyə verilməsi islahatların vacib həlqəsi kimi qiymətləndirilməlidir. Çünki söhbət yalnız bir məhkəmə orqanının yeni tikiliyə köçməsi, yaxud daha yaxşı şəraitlə təmin olunması kimi texniki yaxşılaşdırmadan getmir. Yeni binada innovativ və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, məhkəmə prosesində videoəlaqə ilə iştirak, habelə, vahid inteqrasiya hesabına ani vaxt rejimində bir sıra sənədlərə çıxış imkanlarının, o cümlədən, iclas zallarında müasir sistemlər vasitəsi ilə proseslərin audio-video yazısı aparılaraq daha dəqiq və çevik protokollaşdırılması prosesinin təkmilləşdirilməsi əslində 3 aprel Sərəncamının icrası istiqamətində əldə edilən ciddi nəaliyyətdir. Sərəncamın isə Azərbaycanın məhkəmə-hüquq islahatlarında dönüş nöqtəsi olmasını qəbul etsək, yeni binanın açılışını, heç şübhəsiz, bu hüquqi aktla intensivləşən islahatların vacib həlqələrindən saymaq olar.

Təbii ki, islahatların kökündə tikinti, yaxud yeni texnoloji vasitələrin quraşdırılması yox, bu istiqamətdə siyasi iradənin reallaşması dayanır. Çünki hədəf yeni binaların tikintisi, yaxud həmin binalara ən müasir texnoloji vasitələrin göstəriş üçün alınması yox, məhkəmələrin qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrası, süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin olunması, o cümlədən ədalət mühakiməsinin əlçatanlığı və şəffaflığının daha da artırılmasıdır. Mövcud siyasi iradə isə bu istiqamətdə kifayət qədər qətiyyətlidir.

Məlumdur ki, bundan öncə Binəqədi, Sabunçu, Yasamal rayon məhkəmələri, habelə digər birinci və Apellyasiya instansiyaları üçün müasir binalar, yaxud məhkəmə kompleksləri tikilib. Lakin Suraxanı məhkəməsi üçün binanın 3 aprel Sərəncamından sonra, həm də müvafiq hüquqi aktda müəyyən olunmuş şərtlərin daha intensiv icrası məqsədlərinə uyğun formada inşası ali iradənin ifadəsidir və məhkəmə hüquq sistemində islahatların daha da dərinləşəcəyinin göstəricisidir.

Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.

Bəhruz Məhərrəmov

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

Paylaş:

Ən son xəbərlər