Respublika günündə Ağdam şəhərinin bərpası xalqımız üçün çox böyük əhəmiyyət daşıyır. Bu, ilk növbədə onu göstərir ki, Azərbaycan xalqı üçün torpaq bütünlüyü hər zaman ümummilli məsələ olub. Cümhuriyyətin varisləri kimi biz bütün dövlətçilik ənənələrini qoruyub saxlayırıq, sərhədlərimizi möhkəmləndiririk. Prezident İlham Əliyev Ağdamdan bir daha bəyan etdi ki, biz öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik. Heç kim Azərbaycana təzyiq edə bilməz. Ermənipərəst dairələrin son günlər müşahidə olunan fəallığına gəlincə, bu qərəzli dairələrin mövqeyi bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Əsas məsələ Azərbaycanın öz ərazilərini işğaldan azad etməsidir. Biz bu gün bu reallığın nəticələrinə baxırıq. Təbii ki, bizə qarşı qərəzli mövqe sərgiləyən qüvvələrə münasibətimizi də artıq özümüz üçün müəyyənləşdirmişik.
Bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, artıq yeni mərhələ başlayıb və bu mərhələ Azərbaycanın növbəti inkişaf mərhələsidir: "İşğaldan azad olunmuş ərazilərdə sürətlə aparılan abadlıq-quruculuq işlərinin real nəticələrini qısa zamanda görəcəyik.
Yerlə yeksan edilən, beynəlxalq media nümayəndələrinin “Qafqazın Xirosiması” adlandırdığı Ağdamda hazırda bir bina belə qalmasa da, artıq bu şəhərə yeni nəfəs gəlib. Təməli qoyulan yeni sosial obyektlər - yol çəkilişi, sənaye parkı, təhsil müəssisəsi və ilk yaşayış binasının inşası Ağdamın qısa müddətdə yenidən ən inkişaf etmiş şəhərlərimizdən birinə çevriləcəyini deməyə əsas verir.