Mayın 28-də Vaşinqtonda Respublika Günü münasibətilə ABŞ dövlət rəsmilərinin iştirakı ilə rəsmi tədbir keçirilib.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, Vaşinqtonun tarixi mərkəzində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasından (USACC) Azərbaycan və ABŞ-ın dövlət bayraqları asılıb.
Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-Azərbaycan Ticarət Palatasının idarə heyətinin sədri Rza Vəziri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent, ABŞ Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Laura Kuper, Vaşinqton şəhər merinin protokol və beynəlxalq məsələlər ofisinin rəhbəri Patrisia Elvud, ABŞ Dövlət Departamentinin və Müdafiə Departamentinin nümayəndələri, ABŞ şirkətlərinin və təşkilatlarının rəsmiləri, Türkiyənin ABŞ-dakı Səfirliyinin hərbi attaşesi və hərbi attaşelik aparatının nümayəndələri, səfirliyin əməkdaşları və mətbuat nümayəndələri iştirak edib.
Tədbirin əvvəlində öncə iki dövlətin bayrağının asılma mərasimi olub. Sonra USACC-ın icraçı direktoru Natiq Baxışov qonaqları salamlayaraq tədbiri açıq elan etmək üçün sözü USACC idarə heyətinin sədri Rza Vəziriyə verib. Rza Vəziri 28 May - Respublika Gününün Azərbaycan üçün tarixi önəmindən danışdı, tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib.
Daha sonra səfir Elin Süleymanov 28 May - Respublika Gününün Vaşinqtonda hər il minə yaxın qonağın iştirakı ilə təntənəli şəkildə qeyd olunduğunu, ancaq koronavirus pandemiyası səbəbindən son iki ildə belə bir tədbirin təşkilinin mümkün olmadığını qeyd edib. Vaşinqtonda ötən ilin mart ayından etibarən ilk dəfədir qonaqların qatıldığı və virtual olmayan belə bir tədbirin keçirildiyini və bunun məhz Respublika Gününə təsadüf etdiyini xüsusilə vurğulayıb. Bu xüsusda, əlamətdar günün qeyd edilməsinə imkan yaratdığına görə USACC-yə minnətdarlığını bildirib. Vaşinqtonda Azərbaycan bayrağının ucaldılmasının əhəmiyyətindən bəhs edən səfir şəhər meri tərəfindən 28 may tarixinin Vaşinqtonda Azərbaycan Milli Günü elan edildiyini diqqətə çatdıraraq, bu səbəblə tədbirdə iştirak edən şəhər Meriyasının rəsmisinə təşəkkür edib.
Səfir E.Süleymanov müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay müddətində əldə etdiyi nailiyyətlərdən, 1991-ci ildə müstəqillikdən sonra 20-ci əsrin əvvəlində təməli qoyulmuş Respublika ənənələrinin inkişaf etdirilməsindən bəhs edib, müstəqil Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda regionun aparıcı dövlətinə çevrildiyini xüsusi vurğulayıb.
E.Süleymanov Azərbaycanın müstəqilliyi dövründə ABŞ-ın ölkəmizə verdiyi dəstəyin əhəmiyyətli olduğunu, bunun hər iki ölkənin milli marağında olduğunu qeyd edib. Səfir bununla yanaşı, müstəqilliyimizin möhkəmlənməsində verilmiş dəstəyə görə Türkiyə Cümhuriyyətinə öz minnətdarlığını bildirib. Türkiyənin hər üç Cənubi Qafqaz dövlətləri ilə birgə sərhədə malik olduğunu və vacib geosiyasi aktor qismində rolunu diqqətə çatdırıb.