İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif ötən həftə Bakıda oldu. Prezident İlham Əliyev daxil, bir sıra dövlət, hökumət rəsmiləri ilə görüşdü. Hazırda isə Azərbaycan baş nazirinin müavini, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək komissiyanın həmsədri Şahin Mustafayev Tehrandadır və görüşlər keçirir. O deyib ki, rəsmi Bakı hazırda Azərbaycan-İran əlaqələrinin “yüksələn xətlə inkişaf etdiyi” qənaətindədir.
Bir sıra siyasətçilər, siyasi analitiklər isə hesab edir ki, cənub qonşumuzla münasibətimizin “yüksələn xətlə inkişafı” yaxşıdır. Amma İran yenə Ermənistana bu və başqa formada qahmar çıxacaqmı, yardım edəcəkmi, nəfəslik rolu oynayacaqmı? Və bunları Azərbaycana inad, Azərbaycan xalqının mənafeyinin ziddinə edirmi?
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, Azərbaycanın yaxın qonşusu olan, eyni zamanda Cənubi Qafqaz regionunda daim ciddi maraqları olan İranın Azərbaycanla münasibətləri 1990-cı illərdən başlayaraq müəyyən xətt üzrə inkişaf edib: “Təbii ki, bu müddətdə zaman-zaman İranla Azərbaycan arasında müəyyən məsələlərlə bağlı fikir ayrılıqları, ziddiyyətli məqamlar yaranıb. Məsələn, Xəzərin statusu ilə bağlı məsələlərdə, Qarabağ məsələsi ilə bağlı zaman-zaman fikir fərqliliyi olsa da hər iki dövlətin, xüsusilə də Azərbaycan dövlətinin yürütdüyü diplomatik siyasət nəticəsində münasibətlərdə konsensus əldə edilib, ziddiyyətli durumlar aradan qaldırılıb. Xüsusilə Azərbaycan üçün ən ümdə məsələ Qarabağ məsələsi olub ki, bu məsələ ilə bağlı İran daxilində müəyyən dairələr Azərbaycanın maraqlarına zidd olaraq ermənilərə dəstək verilməsində maraqlı olublar. Hətta İran dövləti ilə Azərbaycan dövləti arasında çox kritik münasibətlərin yaradılmasına cəhdlər də olub. Amma iki dövlətin rəhbərlərinin çevik, ağıllı siyasəti nəticəsində bu cür planlar baş tutmayıb.