İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidməti istifadəyə verib.
Pravda.az xəbər verir ki, artıq müraciət edən şəxs adına daşınmaz əmlakın olub-olmaması barədə arayışı Xidmətin ərazi idarələrinə müraciət etməklə yanaşı, elektron qaydada da əldə edə bilər.
Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması ilə bağlı müraciət etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (e-emlak.gov.az) daxil olmalıdır. Bundan sonra “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə (portalın xidmət bölməsində 15-ci sıra) keçid edərək şəxsə aid tələb olunan məlumatlar daxil edilir. Açılan pəncərədəki müvafiq məlumatları doldurduqdan sonra müraciət göndərilir və ardınca təsdiqetmə bildirişi monitorda görünür. Bildirişdə qeydiyyat nömrəsi ilə icra müddəti göstərilir.