Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarovun müsahibəsi
- Milli Televiziya və Radio Şurasına (MTRŞ) sədr seçilməyinizdən 1 ildən bir qədər artıq vaxt keçir. Bu müddətdə televiziya və radio yayımında hansı dəyişikliklər baş verib?
- Bildiyiniz kimi, MTRŞ yayımçılar tərəfindən qanunvericiliyə əməl olunmasına nəzarət edir, tamaşaçı və dinləyicilərin şikayət və təkliflərinə münasibət bildirir, teleradio yayımı sahəsinin inkişafı məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir. Bu səbəbdən, tamaşaçı və ya dinləyici kimi özümün subyektiv qiymətləndirilməmi kənara qoyub Şuranın tənzimləmə və koordinasiya fəaliyyətinə münasibət bildirəcəyəm.
Keçən il ərzində televiziya kanalları tərəfindən reklam sahəsində qanunvericiliyə əməl edilməsinə nail olunub. Bəzən reklamın tənzimlənməsi məsələsinə skeptik yanaşılır və bu məsələ o qədər də əhəmiyyətli hesab edilmir. Ancaq bu, ilkin baxışda göründüyündən daha vacib məsələdir. Uzun müddət ərzində teleradio yayımçıları tərəfindən reklam qanunvericiliyinə əməl olunmaması nəticəsində elə vəziyyət yaranmışdı ki, biz artıq 1 saat ərzində 20 dəqiqə reklam və 15 dəqiqə sponsor təqdimatını müşahidə edirdik. Yəni, bəzi kanallarda elə saatlar olurdu ki, həmin saatda reklam və sponsorluğun davamlılığı məzmunun və ya proqramın müddətindən çox olurdu və beləliklə, kanallar bir növ TV-mağazalara çevrilirdi. Amma Şuranın bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində 2021-ci ilin əvvəlindən reklam və sponsorluqla bağlı tələblərə yayımçılar tərəfindən ciddi riayət olunur.
Digər bir məsələyə də toxunmaq istərdim ki, keçən il ərzində bütün televiziya kanalları üçün vahid audio standartın yaradılması istiqamətində mühüm işlər həyata keçirilib və bu ilin may ayından həmin standartın tətbiqinə başlanılıb. Azərbaycan televiziya kanalları arasında səs səviyyəsinin qeyri-bərabər, o cümlədən, kanallarda yayımlanan reklam bloklarında səs səviyyəsinin digər proqramlara nisbətdə kəskin yüksək olması ilə əlaqədar Şura çoxlu sayda şikayət almışdı. Artıq bu problem həll olunub və Şura “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” (“Teleradio”) İB ilə birlikdə yayımda səs səviyyəsinin mütəmadi monitorinqini aparır.
Keçən müddət ərzində Şura müxtəlif istiqamətli dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin televiziya kanalları tərəfindən yerinə yetirilməsi sahəsində yeni nəzarət mexanizmi tətbiq edib və bu vəzifələrin yerinə yetirilməsi işində irəliləyiş əldə olunub.
44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı müəyyən dövrdə Şura televiziya kanalları arasında müəyyən mənada koordinasiya funksiyalarını yerinə yetirib. Bildiyiniz kimi, ümumi qəbul olunmuş beynəlxalq standart olaraq Milli Televiziya və Radio Şurasının digər ölkələrdə olan analoji qurumlar kimi teleradio kanallarının redaksiya siyasətinə müdaxilə etmək hüququ yoxdur. Lakin müharibə zamanı televiziya kanallarının ümumi yayım strategiyasının hazırlandığı bir koordinasiya meydanı funksiyasını yerinə yetirdik. Müharibədən sonra isə Şura müharibə zamanı şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın həyat yolunun televiziya kanallarında işıqlandırılması sahəsində koordinasiya funksiyasını öz üzərinə götürüb. İndiyədək televiziya kanalları tərəfindən 1400-dən çox şəhid barədə reportajlar yayımlanıb. Ümumi vəzifə kimi televiziya kanallarında bütün şəhidlər haqqında reportajların verilməsi nəzərdə tutulub.
Həmçinin, televiziya və radio məzmunun səviyyəsinin yüksəldilməsi məqsədilə sistem şərtlərin müəyyən olunması üzrə ümumi strategiyanın işlənib hazırlanmasında yayımçılar ilə aparılan sıx əməkdaşlığı vurğulamaya bilmərəm. Problemlər çoxdur, qısa müddətdə, hər hansı bir yayımçıya qarşı situativ qərarlarla onları həll etmək mümkün deyil. Yeni yaradılmış Medianın İnkişafı Agentliyi (MEDİA) ilə bu istiqamətdə yol xəritəsinin hazırlanması sahəsində sıx əməkdaşlıq edirik.
- Ən çox nöqsanlar aşkarladığınız, xəbərdarlıq etdiyiniz hansı televiziya və radio kanalı olub?
- Teleradio kanallarına qarşı tətbiq olunan hər bir sanksiya barədə məlumat gizli xarakter daşımadığından saytımızda operativ olaraq yerləşdirilir. Şura inzibati tənbeh tətbiq olunmuş yayımçıların say statistikasını aparmır. Bizim mövqeyimiz elə bir şərait yaratmaqdır ki, inzibati tənbeh və ya sanksiyaya tələbat minimuma ensin. Keçən ilin ortalarında pozuntular çox idi və biz bir müddət sərt inzibati tənbeh tədbirləri tətbiq etməyə məcbur olduq. Hazırda teleradio yayımçıları tərəfindən yol verilən pozuntular minimal həddədir, onların da əsas səbəbi təşkilati-texniki məsələlərdir və sistematik hal almır.
- Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 7 iddiaçı sənədlərini təqdim etmişdi. Namizədlər arasında iddialılar, maddi-texniki bazası, təcrübəsi olanlar çox idi. Bu baxımdan qərar qəbul edərkən hansı meyarlara üstünlük verdiniz?
- Müsabiqədə rekord sayda iddiaçı iştirak edirdi və onların əksəriyyətinin teleradio yayımı sahəsində çox böyük təcrübəsi var idi. Şura digər dillərdə yayım aparmaq sahəsində zəngin təcrübəsini və əcnəbi dilli redaksiyaların mövcudluğunu nəzərə alaraq CBC teleradio şirkətinə üstünlük verdi. Biz başa düşməliyik ki, Qarabağda regional radio yayımı sadə regional radio anlayışından çox böyükdür.
- İqtisadi səbəblərlə bağlı kanalların sayında azalma olacağını bildirmişdiniz. Hazırkı durum necədir?