Karantin rejiminin yumşalmasının ilk həftəsi bitmək üzrədir. Bəs görəsən, hazırki epidemioloji vəziyyət dəyişə bilərmi? Real nəticələr nə vaxt bilinəcək?
Bu arada Rusiya Tibbi-Biloji Federal Agentliyinin sədr müavini Tatyana Yakovleva bildirib ki, Rusiya COVİD 19-un bütün ştammlarına qarşı effektli olacaq vaskin hazırlayır və artıq iyulda klinik sınaqlara başlanacaq. Bütün ştammlara qarşı effektli peyvənd mümkündürmü?
Yeri gəlmişkən, iyun ayının 7-dən ölkəmizdə yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar “Pfizer” vaksinindən də istifadə edə biləcəklər. Bizimlə söhbətdə həkim-infeksionist İlhamə Abbasova mövzu ilə bağlı bu və digər suallara cavab verib: “Hazırki vəziyyəti dəyərləndirsək, yoluxma sayı çox deyil. Müraciətlər də azdır. Hazırda mən də müşahidə edirəm, insanlar qaydalara əməl edirlər. Məsafə qorunur, maska taxılır. Yalnız metrodan narahatıq, metroda maskadan istifadə olunmalıdır, məsafə mütləq saxlanmalıdır. Çünki sıxlıqdır, havasızlıqdır. Yəni metroda virus sürətlə yayıla bilər”.
Həkim hesab edir ki, virusun bütün ştammlarına qarşı vaksinin olacağı xəbəri bu gün üçün aktual deyil: “Bunlar hamısı deyimlərdi. Hazırda bizim istifadə etdiyimiz ”SinoVac"ın peyvəndi çox effektlidir. Sınanılıb, biz özümüz onun effektini gördük. İki doza vurulub, yoluxanlar reanimasiyaya düşmədilər. Yüngül müalicə ilə sağaldılar. O ki qaldı, Rusiyada olacaq yeni vaksinə, o hələ təsdiqini tapmalıdır. Operativ Qərargahın son brifinqindən sonra insanların vaksinə münasibəti dəyişib. Bütün müəssisələrdən insanlar göndərilir. Belə davam edərsə, tez bir zamanda vaksinasiya işini də bitirərik".
İ.Abbasova əlavə edib ki, vaksin üçün “Chek-up” müayinə lazım deyil: “Sadəcə, anamnez toplanılır ki, şəxsdə hazırda kəskin bir xəstəlik varmı? Yalnız epileptik xəstəliyi olanlarda ehtiyatlı olmaq lazımdır. Digər xroniki xəstəliklərin heç birində əks göstəriş deyil. Kəskin hallarda, xəstədə ishal, qusma, hərarət, baş ağrısı varsa, özünü pis hiss edirsə, vaksin vurmuruq. Müayinəyə göndəririk, müalicə olunur, bir həftə sonra yenidən vurdura bilər. Bir də bizə son vaxtlar allergik xəstələr çox müraciət edirlər. Allergik xəstənin hazırda heç bir simptomu yoxdursa, vaksinə əks-göstərişi yoxdur. Kimlərə olmaz? İl ərzində dörd dəfə xəstəxanaya düşür, xəstəxana rejimində müalicə alır. O şəxslərə vurmaq olmaz. Digər vaxtda isə, ona qalsa, əhalinin 90 faizinin allergiyası var, onda gərək biz heç kimə vaksin etməyək”.