Müasir tibbin bu qədər inkişaf etdiyi bir dövr olmasına baxmayaraq, hələ də xüsusilə azyaşlı övladlarını çöpçü yanına aparan valideynlər kifayət qədərdir.
Qədim dövrlərdən bu günə kimi gəlib çatan bu ənənəyə görə, əgər uşaqda yüksək hərarət, qusma və bu kimi əlamətlər varsa və buna həkim də kömək edə bilmirsə, demək ki, hökmən çöpçü yanına aparmaq lazımdır.
Bəs tibbin qəbul etmədiyi, müəyyən işbazların uydurduqları ənənə adlandırılan çöpçülük doğrudan da müalicə üsuludurmu?
Məsələni araşdırmaq üçün paytaxt ərazisində fəaliyyət göstərən çöpçülərin məkanlarına yollandıq. Suallarımıza cavab almaq məqsədilə ona yaxın qapı döysək də, demək olar, onundan doqquzu qapını üzümüzə bağladı. Xeyli söhbət etdikdən sonra isə nəhayət ki, bir çöpçü xanım qısa olaraq məşğul olduğu işlə bağlı danışmaq qərarına gəldi. Uzun müddət ərzində çöpçülük fəaliyyəti ilə məşğul olan xanım bildirdi ki, tibb inkar edə bilər amma fakt olan odur ki, çöpçülük həqiqi müalicə üsuludur. Müsahibimiz bildirir ki, hətta bir çox həkimlər xəstələri özləri bizə yönləndirirlər.