55 saylı Xaçmaz seçki dairəsindən Milli Məclisə deputat seçılmiş Eldəniz Səlimovun rayonun İdrisoba kəndindəki 26 hektar meşə sahəsini məhv edib.
Pravda.az xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı-jurnalist Cəmil Məmmədli özünün “YouTube” kanalında yayımlayıb.
Meşə sahəsinin məhv edilməsindən qəzəblənən İdrisoba kənd sakinləri həmin ərazinin Köhnə Xudat bələdiyyəsində məsul vəzifə tutan Faiq Savcıyev tərəfindən külli miqdarda pul qarşılığında deputat Eldəniz Səlimova satıldığını bildiriblər.
Onlar qeyd ediblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri bir ağacın kəsilməsinə görə sakinləri 1000-2000 manat məbləğində cərimələsələr də, 26 hektar meşə sahəsini “şumlatmış” deputat barəsində heç bir ölçü götürmürlər.
Sakinlərin sözlərinə görə, 2004-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin meşə zolağında çox sayda qiymətli ağac əkilmişdi. Lakin meşə sahəsi məhv edilərkən, o qiymətli ağaclar, xüsusilə də 250 qoz ağacı kəsilib.
O da məlum olub ki, Faiq Savcıyev həmin ərazinin yaxınlığında yerləşən 6 hektarlıq meşə sahəsini də eyni qaydada məhv edərək, oradakı 1000-ə yaxın akasiya ağacını satıb.
Narazı sakinlər əlavə ediblər ki, 2011-ci ildə prezidentin Fərmanı əsasında o ərazilərdə torpaq satışı qadağan edildiyi üçün Faiq Savcıyev qanunsuz satdığı torpaq sahələrini saxta sənədlərlə köhnə tarixə rəsmiləşdirib. Sözügedən meşə sahəsinin satışı da 2006-ci il tarixi üzrə sənədləşdirilib.
Sakinlərdən birinin sözlərinə görə, Savcıyev sənədlərlə ona məxsus olan torpaq sahəsini diş həkimi olan Heybət adlı şəxsə satıb, o da iki ildir ki, orada gilas əkib-becərir. Torpağın ona məxsus olduğunu təsdiqləyən sənədləri Heybətə göstərəndə, o, həmin ərazini Faiqdən aldığını deyir.
