“Ötən həftə yenə erməni cinayətkarlığının şahidi olduq. İki jurnalist öz peşə fəaliyyətini yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldi”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Jalə Əliyeva deyib.
Deputat bildirib ki, ötən həftə yenə bütün dünyanın gözü qarşısında erməni vandalizmi yaşandı: “Buna görə təkcə Ermənistan deyil, Şərqdən Qərbə qədər ermənilərə dəstək verənlər günahkardır. Ermənistana qahmar çıxanlar Ermənistanı öz öhdəliyini yerinə yetirməyə məcbur etmirlər. Elə ATƏT-in aidiyyəti institutu da günahkardır. Baş verən hadisə Ermənistan qədər beynəlxalq təşkilatların da üzərinə məsuliyyət qoyur. Ermənistan bir daha göstərdi ki, canidir, cinayətkardır. Canları yenə də dəmir yumruq istəyir. Əgər bunu istəmirlərsə, təcili olaraq minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidirlər”.
Deputat Qüdrət Həsənquliyev isə hökumətin işğaldan azad olunmuş ərazilərə əhalinin qaytarılması ilə bağlı planının olub-olmadığını sual edib. Onun sözlərinə görə, belə planın açıqlanmaması təxribatlara, şayiələrə yol açır.