"Müəyyən səbəblərdən vətəndaşların əlillik üçün aldıqları müavinətlərin kəsilməsi məsələsində birmənalı şəkildə vətəndaşların tərəfindəyəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ümumiyyətlə, bütün məsul şəxslər zəhmət çəkib düşünsünlər ki, onların birinci vəzifəsi vətəndaşları məmnun etməkdir. Konstitusiyanın preambula hissəsində sosial dövlət kimi xarakterizə olunan Azərbaycan Respublikasının dövlət vəzifəsidir ki, vətəndaşların sosial ehtiyaclarını ödəsin".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, qanunlar yazılarkən mümkün qədər az sayda vətəndaşın dövlətdən yardım almasına və dövlətin büdcəsinin nə olur-olsun qorunmasına yönəlmək lazım deyil: "Əksinə, hər şey ona yönəlməlidir ki, vətəndaş dövlətdən narazı qalmasın, yardıma ehtiyacı olan hər kəs dövlətin yardımını görsün. Doğrudan da, əlildirsə, onun əlillik dərəcəsini kəsmək və ya aşağı salmaq olmaz, mütləq yardım göstərmək lazımdır. Konstitusiyanın preambula hissəsində sosial dövlət kimi xarakterizə olunan Azərbaycan Respublikasının dövlət vəzifəsidir ki, vətəndaşların sosial ehtiyaclarını ödəsin. Nə vaxtsa saxta əlillik alan insanlar varsa belə, burada təkcə onlar təqsirkar deyil. Qeyd edim ki, dövlətin də müəyyən mənada təqsiri var. Bilirik ki, hər ay sosial yardımın köçürülməsini gözləyənlər, bir ay ailəni həmin pulla dolandıran çoxlu sayda ailələr var. Düşünək, əgər ailədə işləyən yoxdursa, ailəyə heç yerdən kömək etmirlərsə, sosial yardım da kəsilsə, həmin ailə necə yaşayar?! Ailə, təbii ki, qeyri-ixtiyari dövlətdən narazı qalacaq. Bu məsələni hissə-hissə, tədricən həyata keçirmək, çox həssas yanaşmaq lazımdır. Sanki, qarşıya məqsəd qoyublar ki, məcburi şəkildə əlillik ümumiyyətlə ləğv olunsun, beləliklə, qurunun oduna yaş da yansın".
T.Kərimli vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi vətəndaşların həyat şəraiti pisləşdirmək deyil: "Mən Ağsuda qəbulda olarkən bir vətəndaş gəldi, üzr istəyərək bütün sinəsini açdı. Gördüm ki, düz boğazdan qarın nahiyəsinə qədər doğranmış, kəsilmiş, əməliyyat izləri doludur. Vətəndaş deyir ki, mən bu halda ola-ola, əlilliyim ləğv edilib, indi nə edim, dərmanlarımı necə alım?! Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ümumiyyətlə bütün məsul şəxslər zəhmət çəkib düşünsünlər ki, onların birinci vəzifəsi vətəndaşları məmnun etməkdir. Onların vəzifəsi vətəndaşların yaxşılaşdırmaqdır! Bunun əksi Prezidentin siyasətinə ziddir. Bu səbəbdən, mən birmənalı şəkildə vətəndaşların tərəfindəyəm".
Nəzrin Cavid