"Türkiyə Cümhuriyyətinin Azərbaycanın siyasi maraqlarına dəstək verməsi olduqca əhəmiyyətlidir. Bu baxımdan, Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri çox böyük tarixi əhəmiyyət kəsb edir".
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərini həm siyasi, həm də mənəvi baxımdan olduqca əhəmiyyətli hesab edir: "Cənab Ərdoğan Azərbaycan xalqının dostudur və o, Vətən müharibəsi başlayan gündən birmənalı şəkildə Azərbaycanın yanında olan; hərbi, siyasi, mədəni, bir sözlə nə dəstək lazımdırsa, etməyə hazır olduğunu dilən gətirən ilk dövlət başçısı olub. Bildiyimiz kimi, Türkiyə regionun güclü dövlətidir və dünya siyasətində özünəməxsus çəkiyə sahibdir. Təsadüfi deyil ki, bu gün regionun geosiyasi problemlərinin həlli Türkiyə olmadan qeyri-mümkündür. Həmçinin nəzərə alsaq ki, Azərbaycanda dünyanın bir neçə super güclərinin geosiyasi maraqları toqquşur və beynəlxalq hüququn prinsiplərinə zidd olaraq, bizim əzəli düşmənimiz Ermənistana ciddi dəstək verilir, belə olan halda Türkiyə kimi inkişaf etmiş, hərbi və siyasi gücə sahib bir dövlətin rolu balanslaşdırıcı rol kimi xarakterizə edilməlidir. Beləliklə, Türkiyə Cümhuriyyətinin Azərbaycanın siyasi maraqlarına dəstək verməsi olduqca əhəmiyyətlidir. Bu baxımdan, Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri də çox böyük tarixi əhəmiyyət kəsb edir. İki qardaş liderin - hörmətli cənab Prezident İlham Əliyevlə cənab Ərdoğanın Şuşada Qarabağ torpaqlarında aparılan bərpa işlərinin təməlqoymasında birgə iştirakı həm də rəmzi xarakter daşıyır və dövlətimizin tək olmadığını göstərir. Hesab edirəm ki, Türkiyə Prezidentinin planlaşdırılan səfəri olduqca önəmlidir".
Qeyd: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunmuş Şuşaya səfər edəcəyi barədə Ədalət və İnkişaf Partiyasının (AKP) bu gün keçirilən qrup iclasında çıxışı zamanı bildirib.
Nəzrin Cavid