Dünya dövlətləri arasında münasibətlər yalnız maraqlar üzərində formalaşmasına baxmayaraq, Yer üzündə yalnız iki ölkə var ki, onların əlaqələri dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ikinci dostluq modelinə indiyədək rast gəlinməyib. İstər Azərbaycan, istərsə də qardaş Türkiyə dövlətinin rəhbərlərinin bir-birinə xoş, dostluq münasibətləri ölkələrimizə də sirayət edib və bu əlaqələr daha da möhkəmlənib. Bu gün Azərbaycan və Türkiyə arasındakı tərəfdaşlıq təbii ki, dünyanın bir çox ölkələri tərəfindən böyük qısqanclıqla qarşılanır.
Bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını rəhbər tutaraq birləşən iki dövlətin tarixin bütün çətin sınaqlarından üzüağ çıxaraq dostluqlarını daha da möhkəmləndirdiklərini bildirən Adil Əliyev deyib: “Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Ordumuz tərəfindən aparılan şanlı Vətən müharibəsində qardaş Türkiyənin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın istər diplomatik, istərsə də mənəvi dəstək xalqımız tərəfindən hər zaman yüksək qiymətləndiriləcək. Ölkəmizin haqlı mövqeyində bizə göstərdiyi mənəvi və siyasi dəstək alqışa layiqdir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş Türkiyənin bütün aidiyyəti qurumlarının Vətən müharibəsində ölkəmizə göstərdiyi dəstək təbii olaraq bir çox ölkələr tərəfindən qısqanclıqla qarşılandı, qardaş ölkəyə qarşı haqsız təzyiqlər artdı. Müharibədə qazandığımız tarixi Qələbəyə bizim qədər sevinən yenə türk qardaşlarımız oldu”.