VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən Gəncənin 4 seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin, Pərvin Kərimzadənin, Musa Quliyevin və Müşfiq Cəfərovun gənc seçicilərlə görüşü keçirilib.
Pravda.az-ın xəbərinə görə, görüşü giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Gəncə şöbəsinin sədri, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Naqif Həmzəyev qeyd edib ki, prioritet istiqamət olaraq müəyyən edilən gənclər siyasəti öz növbəsində ölkədə könüllülük hərəkatının geniş vüsət almasına şərait yaratdı: “2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi insanların sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsinə, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli birvətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs verəcək”.
AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev çıxış edərək, ölkə gənclərinin hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu, onların cəmiyyətdə layiqli təmsil olunması istiqamətində mühüm islahatların həyata keçirildiyini bildirib. Fuad Əliyev bütün gəncləri həmyaşıdları olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Musa Quliyev bu günün gənclərinin yüksək potensiala, intellektə malik olduğundan, ölkənin inkişafında, tərəqqisində yaxından iştirak etdiklərindən danışıb, onları qarşıdan gələn Milli Məclisə seçkilərdə “Daha güclü Azərbaycan naminə” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.