Deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı aktual mövzularla əlaqədar sualları cavablandırıb. Millət vəkili Rusiyada qətlə yetirilən azərbaycanlı gəncin “günahkar” elan olunması, Ermənistandakı siyasi gərginliklər, Türkiyə prezidentinin Şuşaya gözlənilən səfəri və digər məsələlərlə bağlı danışdı.
- Fəzail bəy, bir sıra Rusiya siyasətçilərinin 19 yaşlı azərbaycanlının qətlə yetirilməsinə bəraət qazandırması heyrət doğurur. Bu sıraya Jirinovski də qoşulub və hətta azərbaycanlı deputatların bu qətlə etirazına sərt reaksiya verib. Bu barədə deputat və partiya sədri olaraq nə deyə bilərsiniz?
- Mən də mətbuatda bu qətlə etirazımı bildirmişəm, bunu vəhşilik kimi qiymətləndirmişəm. Bu hadisə ilə bağlı mövqeyim çox sərtdir. Günahsız azərbaycanlının bu şəkildə, heç bir əsas olmadığı halda silahla qətlə yetirilməsi vəhşiliyin və qeyri-insanlığın ən ciddi nümunələrindən biridir. Nəzərə alsaq ki, bu gənc heç müqavimət də göstərmir, sadəcə olaraq maşına oturmaq istəmir. Görüntülərdən də bəlli olur ki, polisin gəncə qarşı fiziki təzyiqindən xilas olmağa çalışır. Müqavimət göstərməyən, silahı olmayan bir insanın həyatına son qoymağın bir adı var: vəhşilik! Bu, rus cəmiyyətinin çox təəssüf ki, digər xalqlara olan konkret ifadəsidir. Həm də ən bağışlanmaz odur ki, bu qatil sonradan Rusiyanın İstintaq Komitəsi sədrinin xüsusi tapşırığı ilə azad edilib və hətta ona xüsusi təşəkkürlər elan olunur, heç bir əsas olmadan öldürülən azərbaycanlı gəncin isə günahkar olduğu ayrı-ayrı informasiya vasitələrində cəmiyyətə ötürülür. Yalan üzərində qurulan bu cür yanaşmalar Rusiya dövlətinin gücünün yox, zəifliyinin göstəricisidir. Bəşəri dəyərlərə, insan haqlarına, insan azadlıqlarına və eyni zamanda elə Rusiyanın özünün qanunvericilik aktlarına tüpürmək, onu ayaq altına atıb, bir gəncin ölümünü reallaşdıran polis nəfərinə bəraət qazandırmaq heç cür başadüşülən deyil. Əgər buna indi Jirinovski və digər siyasətçilər də qoşulublarsa, deməli, artıq Rusiya cəmiyyəti xəstədir. O millətçiliyə, şovinizmə yoluxan bir xəstə cəmiyyətdir. Belə bir cəmiyyət hər şeydən əvvəl çoxmillətli Rusiya üçün böyük fəlakətlər və faciələr yaşadacaq. Mənə elə gəlir ki, Azərbaycanın rəsmi orqanları, müvafiq dövlət strukturları bu məsələni ciddi diqqət mərkəzində saxlamalıdır və qatil Rusiyanın qanunları çərçivəsində cəzasını almalıdır.
- Son aylarda Rusiyaya ünvanlı bir sıra müraciətlər cavabsız qalıb, o cümlədən “İskəndər-M”lə bağlı. Belə görünür ki, “Moskva göz yaşlarına inanmır”. Bu, münasibətlərdə nələrinsə baş verməsinə işarədir, yoxsa...
- Bu, təkcə bizə qarşı deyil, Rusiyanın siyasətinin mahiyyətinə bağlı məsələdir. Digər respublikalar, xalqlara qarşı da analoji münasibət sərgilənir. Hətta Rusiya Federasiyasının subyektlərindən biri olan Qafqaz xalqlarına bu cür alçaldıcı, aqressiv münasibət var. Orta Asiya Respublikalarının xalqlarına da həmçinin. Bu, sadəcə olaraq rus cəmiyyətinin və dövlətinin idarəçilik sistemindən, onun mahiyyətindən irəli gələn bir yanaşmadır, növbəti bir epizoddur.
- Ermənistandakı seçkiqabağı mübarizəni yəqin ki, siz də yaxından təqib edirsiniz. Bölgədə təhlükəsizlik və sabitliyin təmin olunması baxımından bu ölkədəki proseslərin gedişatı az əhəmiyyətli deyil. Rusiyanın müdafiə etdiyi klanla Qərbə üz tutmuş rejim arasında gedən mübarizədən siz nə gözləyirsiniz?
- Ermənistan çox rəzil, acınacaqlı durumdadır. Ermənistana bu rəzil vəziyyəti yaşadan bizim xilaskar Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuzun vurmuş olduğu ağır, sarsıdıcı zərbədir. Yəni bu durumun müəllifi bizim əsgər və zabitlərimizdir. 7 ay keçməsinə baxmayaraq, hələ də Ermənistan çalxalanır, Ermənistandakı siyasi qüvvələr arasında amansız, barışmaz və artıq son vaxtlar əxlaqdan da kənar mübarizə çox kəskin şəkildə davam edir. Ortada iki qüvvə var, mən sizinlə razıyam. Paşinyan və tərəfdarları, bir də Köçəryan və onun ətrafında olan Qarabağ klanı. Təbii ki, Köçəryan Rusiyanın proyektidir. Rusiya çalışır ki, Köçəryan hakimiyyətə gələ bilməsə də, ən azı parlamentdə siyasi proseslərə təsir göstərə biləcək gücdə olsun. Mənə elə gəlir ki, buna nail olacaq. Paşinyan isə təbii ki, daha çox Qərbin layihəsidir. Düzdür, o, Rusiya ilə müəyyən dərəcədə oynamağa çalışır, onun maraqlarını bu və ya digər şəkildə sözdə də olsa, yerinə yetirməyə cəhdlər göstərir. Lakin baxın, sərhəd toqquşmasından sonra - söhbət 27 maydan gedir - vəziyyət düşünülmüş şəkildə Ermənistan tərəfindən yaradıldı ki, İrəvan bununla bağlı Rusiyaya, KTMT-yə müraciət etsin. Ancaq ordan da bir cavab almayandan sonra Paşinyan artıq Avropaya üz tutdu, Makronla görüşdü, Avropa İttifaqının rəsmiləri ilə bir araya gəldi və onlardan kömək istədi. Məncə, burda da Paşinyan sadəcə olaraq görüntülərdən, qucaqlaşmalardan və Makronun isti sözlərindən başqa bir şey qazana bilmədi. İstisna deyil ki, qeyri-leqal yollarla Paşinyana müəyyən maliyyə yardımları da olacaq, mən bunu istisna etmirəm. Ancaq Ermənistanda qərbyönümlü insanlar var və ola bilsin ki, Paşinyan seçicilərinin sayını bu baxımdan artıra biləcək. Ermənistan indi ciddi siyasi poliqon təəssüratı yaradır. Moskva ilə Qərb arasında pərdəarxası döyüş, mübarizə gedir. Kimin qalib gələcəyi çox dumanlıdır. Məncə, parlament seçkiləri qurtardıqdan sonra mübarizə özünün yeni, aktiv və daha aqressiv fazasına daxil olacaq. Uduzan qalib gələni qəbul etməyəcək. Xüsusən də Paşinyan bu seçkilərdə lazımi mandatı əldə edə bilməsə, onun özü də tərəfdarlarını açıq döyüşə səsləyəcək. Digər tərəfdən isə Köçəryan bir terrorçudur, olduqca aqressiv birisidir və mənsub olduğu xalqı qurban verməyə, onun qanını tökməyə həmişə hazır olduğunu sübut edib. Parlamentdə gülləbaran təşkil edib, eyni zamanda özünün varisi olan Sərkisyanın hakimiyyətə gəlməsi üçün dinc insanları qətlə yetirib. Bundan əvvəl isə Qarabağda törətmiş olduğu qətliamlar, vəhşiliklər hamıya məlumdur. Bütün bunları Köçəryanın tərcümeyi-halının görünən tərəfləridir. Odur ki, Köçəryan da uduzsa, barışmaq niyyətində olmayacaq, Sərkisyanla, Qarabağ klanı ilə bərabər Paşinyanla daha kəskin mübarizə aparacaq, bəlkə də küçələrdə, barrikadalarda döyüş aparacaqlar.