Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupun məlumatına əsasən, qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanıb.
Pravda.az-ın məlumatına görə, köç prosesi pilot layihə çərçivəsində həyata keçirilir. Layihədə bu il ümumi sayı 10 min başı keçməməklə 6 qoyunçuluq təsərrüfatının Kəlbəcər yaylaqlarına köçürülməsi nəzərdə tutulur. Artıq Kəlbəcər rayonundan olan fermerlərə məxsus 5 təsərrüfatın və Kənd Təsərrüfatı Nazirliyi yanında “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatlarının əvvəlcədən müəyyən edilmiş dislokasiya nöqtələrinə aparılması başa çatıb.
Pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, sürülərin və arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib. Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub. Öz təsərrüfatlarını Kəlbəcər yaylağına köçürməyə razılıq vermiş fermer təsərrüfatlarının əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, dislokasiya bölgəsində davranış qaydaları izah edilib. Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrinin iştirakı ilə həyata keçirilib.