Kremlin "Köçəryan manevri" Rusiyadan başqa heç kimə sərfəli deyil; ABŞ-ın da iştirakı ilə Azərbaycan və Gürcüstan Paşinyan hakimiyyətinin seçki qələbəsinə hesablanmış ortaq geopolitik əməliyyat reallaşdırdı...
Azərbaycan geopolitik proseslərə nəzarəti tamamilə öz əlində cəmləşdirməyə başlayıb. Son vaxtlar rəsmi Bakının atdığı addımlar Cənubi Qafqazda Azərbaycanın şəriksiz əsas söz sahibi olduğunu göstərir. Və regionda onun istəyindən kənar heç bir şeyin baş verməyəcəyini təsdiqləyir.
Azərbaycanın 15 erməni diversantı Ermənistana təhvil verməsi də geopolitik manevr xarakteri daşıyır. Bu manevr bir neçə məqamı ortaya çıxartdı. Xüsusilə də, regionda kimin əlinin daha güclü olduğunu bütün beynəlxalq siyasi iradə mərkəzlərinə göstərdi.
Bu manevrdən sonra rəsmi Bakı maksimum səviyyədə uduşlu mövqe qazandı. Birincisi, Azərbaycan verdiyi 15 diversantın əvəzini artıqlaması ilə geri ala bildi. Çünki Ermənistan bunun əvəzini Azərbaycanın Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritələri ilə ödəməli oldu.
Rəsmi Bakı 15 ermənini verməklə, 97 min vətəndaşının həyatını xilas etdi. Eyni zamanda, rəsmi İrəvanı da yaxın gələcək üçün fakt qarşısında qoymuş oldu. İndi Ermənistan minalanmış ərazilərin xəritələrinin olmadığını iddia edə bilməyəcək. Və digər xəritələri də vermək məcburiyyətində qalacaq.
Onu da qeyd edək ki, minalanmış ərazilərin xəritələri Ermənistanın Azərbaycan qarşısında sonuncu "siyasi bazarlıq aləti" sayılırdı. İndi bu alət rəsmi İrəvanın əlindən alınır. Çünki Ermənistan beynəlxalq konvensiyalara görə, bütün xəritələri təhvil verməyə məcburdur. Üstəlik, seçki maraqları baş nazir Nikol Paşinyanı da xəritələr ilə bağlı ciddi etiraflara məcbur edib.
Rəqibləri, erməni baş naziri Ermənistanın əlindəki sonuncu "siyasi bazarlıq aləti"ni də sərf etməkdə suçlayırdılar. Bu səbəbdən də, N.Paşinyan seçkiqabağı səsləri itirməmək üçün hələ çox xəritənin olduğunu bəyan etdi: “Ermənistan Azərbaycana bu ölkənin minalanmış ərazisinin yalnız kiçik bir hissəsinin xəritəsini verib”.
Deməli, hakimiyyətdə qalarsa, özü, əks halda, onu əvəzləyəcək iqtidar həmin xəritələri Azərbaycana verməli olacaq. Çünki, beynəlxalq konvensiyalar belə tələb edir. Buna müqavimət göstərilməsi Ermənistanı beynəlxalq səviyyədə terrorizm fəaliyyəti göstərən dövlət durumuna sala bilər.
Digər tərəfdən, Ermənistanın bir dövlət kimi, elə bir ciddi ənənəsinin və siyasi idarəçilik sisteminin olmadığı da təsdiqləndi. Bir müddət öncə rəsmi İrəvan Azərbaycanın 3 ermənini təhvil verdiyini bəyan etmişdi. Hətta Paşinyan hakimiyyəti bunu böyük uğur kimi təqdim edərək, lovğalanmağa da başlamışdı. Ancaq rəsmi Bakı həmin 3 erməninin ardınca gələn Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Rustam Muradovu İrəvana boş təyyarə ilə geri göndərmişdi.
Nəticədə Paşinyan hakimiyyətinin nə qədər qeyri-ciddi və təcrübəsiz siyasi qüvvə olduğu ortaya çıxmışdı. Sona çatmamış bir proses barədə vaxtından əvvəl, sadəcə, rus generala güvənərək, lovğalanmaq ehtirası rəsmi İrəvanı çətin vəziyyətə salmışdı. Üstəlik, Rusiyanın da regional nüfuzuna ağır zərbə vurulmuşdu.
Ancaq rəsmi Bakı əmin olmadığı heç bir məsələ ilə bağlı əvvəlcədən açıqlama vermir. Bununla da müasir dövlət sisteminin siyasi ənənələrini nümayiş etdirir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin həmin məsələ ilə bağlı son açıqlaması xüsusi örnək təşkil edir.
Məsələ ondadır ki, Ermənistanın mina xəritələrini verməyə başlayacağını Prezident İlham Əliyev Azərbaycana yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edərkən anons etmişdi: "Bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Lakin bu nəticələri əldə etməkdən öncə heç nə söyləmək istəmirəm. Lakin Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər, onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək".