Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi dünyada hələ də davam edən koronavirus (COVID-19) pandemiyası səbəbindən azərbaycanlı dənizçilərin şəxsiyyət sənədi və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini 30 sentyabr 2021-ci il tarixinədək uzadıb.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair beynəlxalq konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətinin bitmə ehtimalı bəzi mühüm addımların atılması zərurətini yaradıb.
Verilən qərara əsasən, Agentlik tərəfindən bu istiqamətdə bir sıra işlər görülüb. Beynəlxalq Dəniz Təşkilatına, dövlət liman nəzarəti və bayraq nəzarətini həyata keçirən qurumlara, azərbaycanlı dənizçilərə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, həmçinin gəmiləri heyətlə komplektləşdirən agentliklərə və aidiyyəti şəxslərə bildiriş göndərilib.
Dövlət Dəniz Agentliyi Azərbaycan Respublikası və xarici dövlət bayrağı altında üzən gəmilərdə dənizçilərimizin çalışdığını nəzərə alaraq onların etibarlılıq müddəti bitmiş – “Dənizçinin şəxsiyyət sənədi”nin və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini aşağıdakı tələblərə riayət olunmaqla 30 sentyabr 2021-ci il tarixinədək uzadır.