Milli Məclisin deputatı Ramil Həsənli müsahibə verib.
O son günlər şəxsi həyatı ilə bağlı məsələsinin böyüdülərək ictimailəşməsindən və bunun kompro-savaşın bir hissə olmasından danışıb:
-Ramil müəllim, bir neçə gün öncə ailədaxili məsələniz ictimailəşdi. Məsələnin bu şəkildə böyüməsi və daha çox müzakirəsi nəyin nəticəsidir?
-Öncə onu deyim ki, 1995-ci ildən, 17 yaşımdan bəri Azərbaycan dövlətinə Yeni Azərbaycan Partiyasına üzv olaraq xidmət etməyə başlamışam. Yəni, ağlım kəsəndən ölkəmə, millətimə və Heydər Əliyev ideologiyasına, siyasətinə, indi də cənab Prezidentin uğurla həyata keçirdiyi siyasətə sadiq bir insanam. Allah qismət eləsə, ömrümün sonuna qədər də bu yolda davam edəcəyəm. Son illər, xüsusən də Vətən müharibəsi ərəfəsində və dövründə Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsində, cənab Prezidentin müəyyənləşdirdiyi siyasətin inkişaf etdirilməsində üzərimə düşən məsuliyyəti dərk edib əlimdən gələni etmişəm. Amma görünən odur ki, bu yolda ortaya qoyduğum iş, fəaliyyətim Azərbaycan-Türkiyə münasibətlərinin strateji əməkdaşlıq istiqamətində inkişafının əleyhinə olan “5-ci kalon” nümayəndələrini, Azərbaycanın hansısa dövlətlərin for-postun olmasına çalışan bir çox dairələri narahat edir. Təbii ki, ölkəmizin müstəqill siyasət yürütməsi, dövlət başçımızın bilavasitə Azərbaycanın milli maraqlarını əldə əsas tutaraq atmış olduğumuz addımlar, Qarabağda qazandığımız uğurlar kimi narahat edirsə, bu siyasətə sadəcə sözdə deyil, öz əməli ilə dəstək verən, cənab Prezidentə sadiq olan bizim kimi şəxsləri hədəf taxtasına çevirirlər.
-“5-ci kalon”un nümayəndələri deyəndə kimlər nəzərdə tutulur, konkret ünvan söyləmək olarmı?
-Analiz etsəniz, kimlər olduğunu görəcəksiniz. Azərbaycanın Qarabağ savaşında həyata keçirdiyi haqlı mübarizəyə və mücadiləyə ölkə daxilindən və ölkə xaricindən dil uzadanlar, Ali Baş Komandanın bu uğurunu həzm edə bilməyən qüvvələr, cərəyanlar kimdirsə, əmin olun ki, ölkə başçısının sadiq kadrlarına hücum edənlər də onlardır. Hər kəsin ailəsində müəyyən problemlər, anlaşılmazlıqlar ola bilər. Ailədaxili məsələni bu şəkildə böyütmək yanlışdır. Guya mən və ailəm, kimisə gizlədirik. İnsana qurşaqdan aşağı hücuma keçmək milli siyasətə xidmət edən insanlara qurulan tələdən başqa bir şey deyil. Çox təəssüf ki, bəzi mətbuat orqanları da buna alət olublar. Bəzi adamlar isə vəkil kimi ortaya çıxması, müxtəlif istiqamətlərdən mənə qarşı edilən hücumlar və digər məslələri təsadüf kimi qəbul etmirəm. Bir şeyi də qeyd edim ki, uzun illər dövlət başçımızın xüsusi tapşırığı ilə türkdilli dövlətlərin əməkdaşlıq şurasının baş katibi kimi atdığım addımlar cənab Prezident tərəfindən qiymətləndirilib. Fəxrlə deyə bilərəm ki, cənab Prezidentin mənə etimad göstərib YAP-ın namizədi kimi irəli çəkildiyimdən etibarən bu qaragüruh komandasının hücumları başladı. Nə zaman Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsi yönündə cənab Prezidentin tapşırıqlarına uyğun daha fəal fəaliyyət göstərirəm, mütləq bir həngamə qaldırıb məni hədəfə alırlar. Yəni, bu hücumları, absurd iddiaları təsadüf hesab eləmirəm.
-Maraqlısı odur ki, hakim komanda daxilindəki “5-ci kalon” nümayəndələri ilə yanaşı, bəzi müxalifət nümayəndələri də Sizi hədəfə alır...
-Bunun açıqlaması odur ki, hər iki tərəf eyni mərkəzdən idarə olunur. Sifariş bir mərkəzdən gəlir, o sifariş əsasında milli ideologiyamızın düşmənləri, üzdə sədaqətli görünüb arxada iş çevirən “5-ci kalon” ünsürləri ilə müxalifətdəki bəzi tör-töküntüləri hücuma keçirlər. Bütün bunlar ölkə rəhbərinə xəyanətdan başqa bir şey deyil. Bu prosesdə də içəridəki ünsürlərlə müxalifətdəki ünsürlərin maraqlarının üst-üstə düşdüyünün şahidi oluruq.
-Bir diqqətçəkən məqam da odur ki, son dövrlər YAP-ın üzdə olan simalarına qarşı bu cür addımlar atılır. Sizcə, burada YAP-ın özü də siyasi partiya kimi hədəf ola bilərmi?
-Biz YAP-dan millət vəkili seçilmişik və hakimiyyəti təmsil edirik. YAP sədri cənab Prezident İlham Əliyev, birinci müavin isə hörmətli birinci xanım Mehriban Əliyevadır. Biz ölkə rəhbərliyini və partiya rəhbərliyinin kursunu həyata keçiririk. Sizə bir sual verim, YAP-ın siyasi kursuna, onun nümayəndələrinə zərbə vuranlar kimə zərbə vurmuş sayılırlar?